BAKI, AzerVoice
2023-cü ildə okeanlar rekord temperatur səviyyəsinə çatıb və bu hal alimlər tərəfindən iqlim dəyişikliyində dönüş nöqtəsi kimi qiymətləndirilir.
AzerVoice xəbər verir ki, bu barədə "Science Daily" nəşri Çinli mütəxəssis Tianyun Donqun rəhbərliyi ilə aparılan araşdırmaya istinadən məlumat verib.
Tədqiqat müəllifləri qeyd ediblər ki, okeanlarda baş verən istilik dalğaları adi vəziyyətlə müqayisədə dörd dəfə uzun müddət davam edib və dünya okeanının 96 faizini əhatə edib. Şimal Atlantikada bu istilik dalğaları 525 gün davam edib, Sakit okeanın şərq hissəsində isə suyun temperaturu normadan 1,63 dərəcə yüksək olub.
Alimlər bu vəziyyəti buludluluğun azalması, küləklərin zəifləməsi və okean axınlarında baş verən dəyişikliklərlə izah edirlər. Onların fikrincə, bu cür anomaliyalar planetin iqlim sistemində ciddi dəyişikliklərə işarə edir. Artıq bu proseslər dəniz ekosistemlərini təhdid edir, mərcan riflərinə ziyan vurur və balıqçılıq sahəsində risklər yaradır.
Qeyd edək ki, istilik dalğaları – okean səthində uzunmüddətli, anormal dərəcədə yüksək temperatur dövrləridir.
Ötən ilin yazında Ümumdünya Meteorologiya Təşkilatı (WMO) bildirmişdi ki, 2023-cü il bir neçə iqlim göstəricisinə görə rekord il olub – Yer səthində temperatur, okeanların turşuluğu və istilik miqdarı, dəniz səviyyəsi və Antarktika buzlaqlarının ərimə sürəti bu göstəricilər arasındadır.
WMO-nun baş katibi Selesta Saulo o zaman bildirmişdi ki, bəşəriyyət Paris Sazişi ilə müəyyən edilmiş +1,5 dərəcə istiləşmə həddinə heç vaxt olmadığı qədər yaxınlaşıb. O, elmi ictimaiyyətin dünya üçün həyəcan təbili çaldığını vurğulamışdı.