BAKI, AzerVoice
Dünyanın ən nüfuzlu tennis turnirlərindən biri olan Vimbledonda baş verən son hadisə, idmanda texnologiyaya olan inamı bir daha sual altına qoyub. Halbuki rəqəmsal sistemlər daha dəqiq nəticələr vəd etsə də, həm idmançılar, həm də azarkeşlər hələ də insan qərarlarına daha çox güvənirlər.
Keçən bazar günü Vimbledonun mərkəzi kortunda baş verən hadisə bu məsələyə diqqəti yönəltdi. Rusiyalı tennisçi Anastasiya Pavlyuçenkova rəqibi Sonay Kartalın topunun aydın şəkildə kənara çıxdığını gördü. Televiziya təkrarları da bunu təsdiqlədi. Lakin elektron xətt texnologiyası, Havk-Eye sistemi bu vəziyyətdə hər hansı xəbərdarlıq vermədi və nəticədə hakimlər tərəddüd etdi, xal təkrar oynanıldı. Pavlyuçenkova bu xalı itirdi və emosional şəkildə oyunum oğurlandı deyə etiraz etdi.
Hadisənin səbəbi sonradan aydın oldu xətt texnologiyası sisteminin təsadüfən əl ilə deaktiv edildiyi müəyyənləşdi. Turnir rəhbərliyi artıq bu sistemin manual şəkildə bağlanmasının mümkün olmayacağını bildirib.
İstifadə edilən sistem Havk-Eye adlanır. Bu sistem topun və oyunçuların hərəkətini 12 kamera ilə izləyir və süni intellektlə analiz edir. Qərarlar 24 fərqli səs tonu ilə elan olunur. Bütün bu texniki üstünlüklərə baxmayaraq, bir çox idmançı hələ də bu texnologiyanın tam obyektiv və ədalətli işlədiyinə inanmır.
Britaniyalı tennisçi Emma Radukanu texnologiyaya etibar etmədiyini açıq şəkildə dilə gətirib. Bununla belə, keçmiş Vimbledon çempionu Pet Keş Havk-Eye sistemini müdafiə edib.
“Bəli, kompüterlər də səhv edə bilər. Amma adətən insanlara nisbətən daha dəqiqdirlər. Texnologiya daha üstündür”- deyə o bildirib.
Bu problem təkcə tennislə məhdudlaşmır. Futbolda tətbiq olunan VAR (video köməkçi hakim) sistemi də tez-tez mübahisələrə səbəb olur. 2024-cü ildə Tottenhem–Liverpul matçında ofsayt qərarının səhv verilməsi ilə bağlı Premyer Liqa bunu ciddi insan səhvi kimi qəbul etmişdi.
Rəsmi statistikaya görə, VAR sistemi ötən mövsüm kilid anlarda 96,4 faiz dəqiqliklə qərar verib. Lakin tək bir səhv belə komandanın taleyini dəyişə bilər. Norveç Futbol Federasiyası isə artıq VAR sistemini tamamilə ləğv etməyi müzakirə edir.
Süni intellekt və texnologiyaya qarşı bu inamsızlıq yalnız idman sahəsinə aid deyil. Məsələn, milyonlarla kilometr test edilmiş avtonom nəqliyyat vasitələri insan sürücülərə nisbətən daha az qəza törətsə də, əhalinin 37 faizi bu avtomobillərdə özünü tamamilə güvənsiz hiss etdiyini bildirir.
Eyni hal səhiyyə sahəsində də müşahidə olunur. Süni intellekt diaqnostik sistemləri bəzi hallarda həkimlərdən daha dəqiq nəticələr göstərsə də, xəstələr hələ də real həkimdən ikinci və üçüncü rəy almağa üstünlük verir.