BAKI, AzerVoice, Səməd Əyyubov
Çinin cənubundakı Quanqdun əyalətində 24–30 avqust tarixləri arasında çikunqunya virusuna 225 yeni yoluxma halı qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu barədə bölgə üzrə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Yoluxmaların 119-u iyulun əvvəlində xəstəliyin yayılmağa başladığı Foşan şəhərində, 49-u Quanqjouda, 16-sı Şençjendə, digərləri isə əyalətin digər şəhərlərində aşkar edilib. Bildirilir ki, bütün yoluxanlar xəstəliyi yüngül formada keçirir.
Məlumata görə, Quanqdun əyalətində ağcaqanadların yaydığı bu virusla bağlı yoluxma hallarının azalma tendensiyası müşahidə olunur. Belə ki, avqustun 3–9-da 1 387, 10–16 avqustda 830, 16–23 avqustda isə 336 yoluxma qeydə alınmışdı.
Qeyd edək ki, Çikunqunya virusunun yayılması əyalətdə iyulun əvvəlində isti və rütubətli hava şəraitində sürətlənib. Hazırda Cənubi Çində ümumilikdə təxminən 10 min yoluxma halı aşkarlanıb. Yoluxma faktları Makao, Honkonq və Quanşi-Çjuan Muxtar Rayonunda da qeydə alınıb. Ölüm və ağır gedişli xəstəlik halları isə qeydə alınmayıb.
Hazırda tibb elmi çikunqunya üçün nə təsirli dərman, nə də vaksin tanıyır. Virusun inkubasiya dövrü adətən 3–12 gün çəkir. Xəstəlik qəfil başlayır: yüksək hərarət, üşütmə, bel və oynaq ağrıları, həmçinin səpgilər müşahidə olunur. Virusun daşıyıcıları isə Aedes aegypti və Aedes albopictus növündən olan ağcaqanadlardır.