BAKI, AzerVoice
Avropa İttifaqında bir ilk olaraq Fələstin nümayəndəsi Amal Jadou məktub təqdim edərək vəzifəyə başlayıb.
AzerVoice xəbər verir ki, Fələstinin
Avropa İttifaqı, Belçika və Lüksemburqdakı səfiri Amal Jadou
“missiya məktubu”nu Aİ Şurasının sədri Antonio Kosta və Avropa
Komissiyasının rəhbəri Ursula von der Leyenə təqdim edərək vəzifəyə
rəsmən başlayıb.
Bu, Aİ tarixində bir Fələstin nümayəndəsinin bu formatda vəzifəyə
başlaması baxımından ilk hadisədir.
Aİ rəsmilərinin məlumatına görə, bu prosedur Aİ Şurasının hazırkı rəhbəri Kostanın siyasi təşəbbüsü ilə həyata keçirilib. Əvvəllər Fələstin nümayəndələri məktublarını yalnız inzibati səviyyədə, Aİ-nin Xarici Əlaqələr Ofisinin protokol rəhbərinə təqdim edirdilər.
Bu dəfə Avstraliya, Kolumbiya, Kuba, Misir, Efiopiya, Qayana, Lesoto, Panama, Papua Yeni Qvineya və San-Tome və Prinsipi kimi ölkələrin diplomatları ilə birlikdə Fələstin təmsilçisi üçün də xüsusi mərasim keçirilib.
Amal Jadou “Aİ-dəki Baş Nümayəndə” statusu ilə məktubunu təqdim edib. Həmçinin bu, Aİ Şurası və Aİ Komissiyası rəhbərlərinə məktub təqdimatı mərasiminin ilk dəfə eyni vaxtda baş tutduğu hadisə kimi də tarixə düşüb.
Qeyd edək ki, Amal Jadou 2024-cü il noyabrın 26-da Belçika Kralı Filipə də məktub təqdim edərək Belçikadakı vəzifəsinə rəsmən başlamışdı.