BAKI, AzerVoice
Biz mədəni izləri yenidən canlandırırıq.
AzerVoice xəbər verir ki, İstanbul
Atatürk Hava Limanında start götürən 7-ci Etnospor Mədəniyyət
Festivalı rəngarəng proqramı ilə davam edir.
Dörd gün ərzində keçiriləcək festivalın açılışında Dünya Etnosport
Birliyinin sədri Bilal Ərdoğan, Gənclər və İdman Naziri Osman Aşkın
Bak, İstanbul Valisi Davud Gül və bir sıra ölkələrdən gəlmiş
nümayəndələr iştirak ediblər.
Festivalın açılışı Han Çadırı qarşısında təşkil olunmuş rəsmi mərasimlə gerçəkləşib. Bilal Ərdoğan çıxışında festivalın əsas hədəflərindən danışaraq “Biz öz köklərimizə söykənən dəyərləri, kollektiv yaddaşımızı və gələcək nəsillərə buraxacağımız mədəni izləri canlandırırıq. Bu festival mədəniyyət və idman sahəsində dünyanın aparıcı tədbirlərindən birinə çevrilmək iddiasındadır. Bu ilki mövzumuz isə ‘Ənənə ailədən başlayır’ şüarı ilə ailə dəyərlərinin önəmini ön plana çıxarır.” - deyə bildirib.
Ərdoğan çıxışında, 2025-ci ilin “Ailə ili” elan olunması ilə
əlaqədar festivalın ailə bağlarını möhkəmləndirən ənənəvi idman və
oyunlara xüsusi diqqət ayırdığını vurğulayıb.
“Bu torpaqları vətənə çevirən ağsaqqallarımızın mirasını yeni
nəsillərə ötürmək üçün güclü imkanlara sahibik. Festivalda müşahidə
olunan yüksək maraq, gənclərin öz irsinə olan bağlılığını əks
etdirir.” - deyə o qeyd edib.
O, həmçinin Qəzzada uşaqların oyun hüququndan məhrum edilməsinə diqqət çəkərək, “Keçən il ‘Hər uşağın oynamaq haqqı var’ şüarını önə çıxardıq. Bu il də eyni prinsipi müdafiə edirik. Dünya uşaqlarının bombalar altında deyil, oyun meydanlarında böyüməsini istəyirik,” – deyə bildirib.
Festivalda çıxış edən Gənclər və İdman Naziri Osman Aşkın Bak isə qeyd edib ki, bu cür tədbirlər vasitəsilə milli dəyərlər gənc nəsillərə aşılanır.
İstanbul Valisi Davud Gül də festivalın mədəni müxtəliflik və ailə bağlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, İstanbulun 130 ölkədən daha sıx əhaliyə sahib bir şəhər olduğunu xatırladaraq, belə tədbirlərin multikultural dəyərlərin yaşadılmasına böyük töhfə verdiyini söyləyib.
Festival çərçivəsində kortej keçidi və müxtəlif səhnə proqramları təqdim olunub.