BAKI,AzerVoice Azərbaycan İslam Ensiklopediyası
491-492-ci (1098-1099) illərdə Şərqi Aralıq dənizi sahillərində səlibçi dövlətlərinin qurulmasından sonra buradakı müsəlmanların ən böyük hədəfi bölgəni onlara qarşı qorumaq və işgal etdikləri torpaqları azad etmək olmuşdur. Səlahəddin Əyyubi özündən əvvəlki rəhbər Nurəddin Zənginin vəfatından sonra bir tərəfdən səlibçilərlə mübarizə apararkən, digər tərəfdən də onun qurmuş olduğu birliyi yenidən təmin etmək üçün çalışdı. 574-cü ildə (1179) əvvəlcə Mərciuuyun döyüşünü qazanıb, ardınca Beytülahzan qalasını geri alaraq səlibçilərə qarşı üstünlük əldə etdi. Bundan sonra səlibçilər müdafiəyə çəkilərkən, Səlahəddin davamlı hücum vəziyyətinə keçdi. Bu hücumlar zamanı onun bir meydan savaşına girmək istəməsinə baxmayaraq, qarşı tərəf bunu heç vaxt gözə ala bilməmişdi.
Səlahəddin 579-cu (1183) ildə Hələbi ələ keçirmək və 581-ci (1185-86) ildə Mosulu hakimiyyət altına almaq yolu ilə ölkədə birliyi təmin etdi və beləcə özünü tamamilə səlibçilərlə mübarizəyə həsr etdi. Bu vaxt Qüds Səlib Krallığının taxtına Gi de Luzinyan keçmişdi və özünə bağlı olan Kərək-Şövbək hakimi Reynal de Şatiyon ilə birlikdə Səlahəddinlə müqavilə bağlayaraq ticarət karvanlarına hücum etməyəcəklərinə dair söz vermişdi. Lakin Reynal de Şatiyon, Səlahəddinin Mosuldan Dəməşqə döndüyü vaxtlarda Misirdən Suriyaya gedən bir karvana hücum etdi və bütün ticarət mallarını Kərək qalasına apardı. Səlahəddin bunu öyrəndikdə həm Reynaldan, həm də Kral Gidən karvanın qaytarılmasını tələb etdi. Gi Reynala qarşı təşəbbüs göstərsə də, nəticə ala bilmədi. Bunun üzərinə Səlahəddin Kərək-Şövbək hakimliyi üzərinə səfər etməyə qərar verdi və müxtəlif bölgələrdəki əmirlərinə məktublar yazaraq əsgərlərini cihada çağırdı.
Ordunun Hərəkəti və İlk Qələbələr
1 Muhərrəm 583-cü ildə (13 mart 1187) şəxsi qoşunu ilə Dəməşqin cənubundakı Rəsülma ordugahına çıxan Səlahəddin burada bir neçə gün qaldıqdan sonra, böyük oğlu əl-Məlikül-Əfdalı gələcək əsgərləri gözləməsi üçün buraxıb, özü hassa birliyi ilə cənubdakı Busra şəhərinə doğru irəlilədi və Reynal de Şatiyonun hacıların yolunu kəsməsinin qarşısını almaq üçün Səfər ayının başına (aprelin ortaları) qədər Qəsrisəlamədə düşərgə qurdu. Daha sonra hassa birliyi ilə Kərək üzərinə yeriyərək Reynal de Şatiyonun torpaqlarını yağmaladı; Şövbəkə bağlı Qaryeteyn deyilən yerdə Misir ordusunun qüvvələrinə qoşulduqdan sonra geri dönüb Kərək torpaqlarını dağıtmağa davam etdi.
Bu vaxt Mosul, Diyarbəkir, əl-Cəzirə ( Suriya ərazisi) və Hələb qüvvələri də Rəsülmada olan əl-Məlikül-Əfdalın yanında toplanmışdı. Əfdal atasının əmri gecikəndə əl-Cəzirə, Diyarbəkir, Mosul əsgərlərindən seçdiyi bir birliyin başına Harran və Urfa hakimi Müzəffərəddin Kökbörini, Hələb əsgərlərindən seçdiyi bir birliyin başına Bədrəddin Duldurumu, Dəməşq əsgərlərindən seçdiyi bir birliyin başına isə Sariməddin Qaymazı komandan təyin edərək bu qüvvəni 20 Səfər 583-cü ildə (1 may 1187) Saffuriyə və Akka istiqamətində kəşfiyyat səfərinə göndərdi. Gecə hərəkətə keçən Kökböri və dostları, hər nə qədər səhər Saffuriyəyə hücum etdikdə qarşılarında "Tampliyer" və "Hospitalier" cəngavərlərindən ibarət seçkin bir düşman qüvvəsi tapsalar da, baş verən döyüşdə qalib gəldilər. Bu savaşda Hospitalierlərin rəhbəri Rocer des Moulin öldürüldü, Tampliyerlərin rəhbəri Jerar de Ridefor isə qaçmağı bacardı.
Döyüş Hazırlıqları və Təbəriyyənin Fəthi
Səlahəddin bu zəfərdən xəbərdar olduqda Kərəkdən dönərək Təbəriyyə gölünün şimal-şərqindəki Aştəra mövqeyində düşərgə qurdu; əl-Məlikül-Əfdal da əsgərləri ilə birlikdə atasının yanına gəldi. Bir ay qədər sonra sultanın qardaşı oğlu Tağıyəddin Ömər də onlara qoşuldu. Lazımi qədər əsgər toplandıqdan sonra 15 Rəbiülaxirdə (24 iyun) ordunu təftiş edən Səlahəddin hər əmiri tək-tək vəzifələndirdi, hər birlikdən xüsusi hücum tapşırıqları verdi və bütün birliklərə qarşılıqlı əməkdaşlıq təlimatı verdi. Əsgərlərə təchizatla yanaşı bol miqdarda bəxşiş paylatdı və zəfər qazanıldıqda daha çoxunu verəcəyini vəd etdi. Maaşlı əsgərlərin sayı 12.000 süvari idi, piyadaların sayı isə çox idi. Səlahəddin mərkəzi qüvvələrin komandanlığını öz üzərinə alıb, sağ cinahı Tağıyəddinə, sol cinahı Kökböriyə verdi. 26 iyun tarixində ordu hərəkətə keçdi. Sultan həmçinin Misirdəki qardaşı əl-Adilə məktub yazaraq oradakı əsgərlərlə səlibçi torpaqlarına girməsini əmr etdi.
Səlibçilər də daxili ixtilafları həll edərək toplaya bildikləri ən böyük ordu ilə Saffuriyədə ordugah qurdular. Tarixi mənbələr onların sayının 20.000 ilə 50.000 arasında olduğunu qeyd edir. Aştəradan hərəkət edən Əyyubi ordusu 2 iyul 1187-ci ildə Təbəriyyə gölünün 8 km qərbində yerləşən Lubyə düzənliyində mövqe tutdu. Səlibçilər yerlərindən tərpənmədikdə Səlahəddin Təbəriyyə şəhəri üzərinə yeridi və axşam saatlarında şəhəri ələ keçirib daxili qalanı mühasirəyə aldı. Şəhər hakiminin kömək istəyi üzərinə səlibçilər Təbəriyyəyə doğru hərəkət etmək qərarı verdilər.
Hattin Meydan Müharibəsi
3 iyul cümə səhəri səlibçi ordusu hərəkətə keçdi. Vəziyyəti öyrənən Səlahəddin ordusunun başına döndü. Sultan öncədən tədbirli davranaraq su mənbələrini tutmuşdu. Səlibçilər susuzluqdan bitkin halda idilər. Oxçular onların üzərinə davamlı ox yağdıraraq irəliləmələrinə mane olurdu. Günortadan sonra səlibçilər Hattin kəndinin üst tərəfindəki düzənliyə çatdılar, lakin geri dönə bilmirdilər. Gecəni orada keçirib, ertəsi gün müsəlman ordusunu yararaq Təbəriyyəyə çatmağa qərar verdilər.
4 iyul şənbə səhəri döyüş yenidən başladı. Səlibçilər ağır zirehləri və uzun nizələri ilə müsəlman əsgərlərini çəkindirsələr də, Səlahəddin saflar arasında gəzərək onları ruhlandırırdı. Sultanın məmlüklərindən Məngü Barsın təkbaşına irəli atılıb şəhid olması ordunu coşdurdu. Kökbörinin könüllülərindən birinin quru otları yandırması ilə səlibçilər duman və atəş içində qaldılar. Piyadalarının çoxu qılıncdan keçirildi. Bəzi komandirlər qaçsa da, Kral Gi və Reynal de Şatiyon başda olmaqla bütün rəhbərlər əsir alındı. Müsəlmanlar üçün bu, tarixin ən böyük zəfərlərindən biri oldu.
Zəfərin Nəticələri nə oldu?
Savaş bitdikdə Kral Gi və Reynal de Şatiyon sultanın hüzuruna gətirildi. Səlahəddin onlara yaxşı davrandı, lakin müqavilələri pozduğu üçün Reynalı şəxsən cəzalandırdı. Əsir alınanların sayı 23.000-dən çox idi. Bu zəfərin xatirəsinə Kral Ginin əsir düşdüyü təpədə "Qubbətün-Nəsr" (Zəfər Qübbəsi) inşa edildi. Bu savaş nəticəsində Qüds şəhəri daxil olmaqla demək olar ki, bütün işğal olunmuş torpaqlar azad edildi. Səlibçilər bir daha heç vaxt bölgədə əvvəlki güclərini bərpa edə bilmədilər.