BAKI, AzerVoice, Orxan Qədirzadə
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə birbaşa təmasdan sonra Ukrayna ilə bağlı müvəqqəti sakitlik barədə açıqlama verib.
AzerVoice xəbər verir ki, Tramp Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinə şəxsən müraciət edərək Ukrayna şəhərlərinə, o cümlədən Kiyevə zərbələrin bir həftəlik dayandırılmasını xahiş etdiyini bildirib. Trampın sözlərinə görə, Rusiya lideri bu təkliflə razılaşıb.
Donald Tramp qeyd edib ki, bu addımı atmaqla bağlı qərarı yaxın ətrafının tövsiyələrinə baxmayaraq verib. O, Putinin razılığını “çox mülayim və pozitiv addım” kimi dəyərləndirib, lakin pauzanın konkret nə vaxtdan qüvvəyə minəcəyini açıqlamayıb.
Bununla paralel olaraq, Rusiya və Ukrayna hərbi bloqerləri enerji infrastrukturuna zərbələrin dayandırılması ilə bağlı göstərişlərin verildiyini yazıblar. Ukraynaya yaxın “Supernova+” kanalı isə Ukrayna Silahlı Qüvvələrinə də Rusiyanın enerji obyektlərinə zərbə endirilməməsi barədə tapşırıq verildiyini iddia edib.
Hazırda Kiyev və Moskva bu məlumatları rəsmi şəkildə təsdiqləməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə “enerji üzrə müvəqqəti atəşkəs” iddialarını şərh etməkdən imtina edib.
Məlumata görə, müvəqqəti zərbələrin dayandırılması məsələsi yanvarın 23–24-də Əbu-Dabidə ABŞ-ın iştirakı ilə keçirilən üçtərəfli təmaslar zamanı müzakirə olunub. Müzakirələrdə Ukraynanın enerji infrastrukturuna hücumların dayandırılması müqabilində Kiyevin Rusiyanın neft obyektləri və tankerlərinə zərbələrdən imtinası ssenarisi gündəmdə olub.
Xatırladaq ki, 2025-ci ilin yazında Donald Tramp və Vladimir Putin arasında aparılan danışıqlardan sonra enerji obyektlərinə zərbələrlə bağlı 30 günlük moratorium tətbiq edilmişdi. Həmin razılaşma daha sonra pozulmuş, tərəflər bir-birini şərtləri pozmaqda ittiham etmişdi.