BAKI, AzerVoice
Livanda Şiə İslam Şurasının mərhum sədri, din xadimi Şeyx Məhəmməd Mehdi Şəmsəddin 1967-ci ildə tələbələri ilə danışığı uzun illərdən sonra yayınlanıb. “Əş-Şərq əl-Əvsət” qəzetinin yayınladığı məqalədə Şeyx Məhəmməd Mehdi Şəmsəddin şiə müsəlmanların İrana deyil, yalnız öz ölkələrinə bağlı olmaları tövsiyyə olunmaqla yanaşı, İranın şiə müsəlmanlara yönəlik siyasəti də tənqid edir. Mətnin tam variantı mərhum alimin oğlu İbrahim Məhəmməd Mehdi Şəmsəddin tərəfindən “Livan şiələri və ərəb şiələri – başqaları ilə münasibət və özünlə münasibət” adlı kitabda nəşr olunacaq. “Əş-Şərq əl-Əvsət” bu dialoqu Şəmsəddinin vəfatının 25-ci ildönümü münasibətilə yayımlayıb.
AzerVoice “Əş-Şərq əl-Əvsət” qəzetinə istnadən həmin danışığı təqdim edir.
“Bütün dünya ilə vuruşun”- düçüncəsi tamamilə səhvdir
Şeyx Məhəmməd Mehdi Şəmsəddin tələbələrindən birinin rəb rejimlərinin fəsadı ilə bağlı verdiyi suala cavabında belə deyir:
“Mən bu cür düşünən insanlara və qruplara acıyıram. Mən Peyğəmbərin (sallallahu əleyhi və səlləm) dövrünü xatırlatmaq istərdim. O zaman İslam münafiqləri öz içinə almışdı. Münafiqlər mənim düçüncəmə görə müsəlmandırlar; etiqad baxımından onlar müsəlmandır. Sadəcə olaraq, İslamın siyasi layihəsini qəbul etməmişdilər. Bununla belə, onlar müsəlman olmuşdular və buna görə də müsəlmanlarla eyni cür rəftar olunurdu: müsəlmanlarla birgə yaşayır, onlarla evlənir və onların qəbiristanlıqlarında dəfn olunurdular.
Quranda onların üzərinə namaz qılmağın qadağan edilməsi (cənazə manazının) yalnız Peyğəmbərə (sallallahu əleyhi və səlləm) xitab edir: ‘Sən onların üzərinə namaz qılma’. Əgər onlardan biri vəfat edirdisə, onu yuyur, namazını qılır və dəfn edirdilər. Əgər münafiqlik Peyğəmbər dövründə cəmiyyət daxilində qəbul edilən bir hal idisə, indi mənə gəlib bəzi məsələlərdə tərəddüdlü olan bir insanı hansı əsasla qəbul etməməliyəm? Hansı ölçü ilə? Daxili saflığın tam və mütləq şərt kimi qoyulması bəzi şiələrin düşüncəsində mövcud olan bir yanlışlıqdır.
Fərdi münasibətlərdə bu düşüncə qəbul oluna bilər, amma ictimai fəaliyyət sahəsində bu yanaşma qətiyyən düzgün deyil. İctimai fəaliyyətdə bir layihə idarə olunur və ona xidmət edən hər kəs bu layihənin daxilində yer alır. Əgər mən dövlətlərlə münasibətdə təvəlla və təbərrə ( dost və düşmən münasibəti) siyasəti yürütməkdə israr etsəm, yanımda heç kim qalmaz. Bu, elə bil şiələrə deməkdir: ‘Qınınıza çəkilin, bütün dünya ilə vuruşun, qoy bütün dünya da sizinlə vuruşsun’. Bunun nəticəsi qətliamlardır. Mən bu yanaşmanı uyğun hesab etmirəm.”
Mülayimlik (mühadənə) – ümmət daxilində əsas prinsip olmalıdır
Şeyx Məhəmməd Mehdi Şəmsəddin sözünə davam edərək deyir:
“Beləliklə, necə ki, rejimlərlə üzləşirik, eyni şəkildə hərəkatlarla da üzləşməliyik. Mən mülayimlik prinsipini dəfələrlə sizə izah etmişəm. Mən ümmət daxilində ümumi mülayimliyə çağırıram. Rejimlərlə mülayimliyə çağırıram. Rejimlər arasında mülayimliyə çağırıram. Cəmiyyətin qüvvələri arasında – islamçılar arasında, millətçilər arasında, solçular arasında və hamısı arasında mülayimliyə çağırıram. Çünki mən hesab edirəm ki, bu yol iki əsas məqsəd üçün ən düzgün yoldur: israfın qarşısını almaq və özünü inkişaf etdirmək.
Ümmət daxilində mülayimlik məsələsini mən fiqhi baxımdan araşdırmışam və hesab edirəm ki, ona zidd olan hər bir yanaşma fiqhə ziddir, yəni şəri vəzifəyə ziddir. Kimsə təhrik edirsə, mən deyirəm: o cahildir. Əgər cahildirsə, bəlkə üzrlü sayılar. Amma ümumi məsələlərdə cahillik üzr deyil. İnsan öz şəxsi vəziyyəti ilə risk edəndə üzrlü ola bilər. Amma bütöv bir ümmətin qanını töküb sonra ‘vallah, mən bilmirdim’ demək qəbulolunan deyil. Cahil adam evində oturmalıdır. O, ictimai işlə məşğul olmamalıdır.”
Şiələr üçün ümumi layihə – ümmət layihəsi olmalıdır
Şəmsəddin mövqeyini belə izah edir:
“Reallıq budur ki, cəmiyyət üçün bir layihə var, ümmət üçün bir layihə var. Mən bir ümmət layihəsini idarə edirəm. Mən xüsusilə ən zəif mövqelərində olan şiələrin ümumi qayğısını daşıyıram. Mən daim İran xaricində yaşayan şiələrdən danışıram. Mən daim deyirəm ki, şiələr islam ümmətinin. Daha doğrusu müsəlmanların beşdə birini təşkil edir. Mənim işim İslam daxilində cəbhə yaratmaq deyil, nə də hər bir cəmiyyətin içində ayrıca bir şiə cəbhəsi yaratmaqdır. Mənim vəzifəm bu insanları qorumaqdır. Mənim vəzifəm onların öz cəmiyyətləri ilə dostluq münasibətləri qurmasına kömək etməkdir – hər cür siyasi məzhəbçilikdən uzaq şəkildə.
Misir nümunəsi və İranla münasibət məsələsi
Şəmsəddin konkret nümunə gətirərək deyir:
“Mən deyirəm ki, Misir hökuməti səmimiyyət Misir şiələrinin qorunmasına edə bilər. Amma İranın Misirdə özünə bir partiya qurması və bu üzərindən iş aparması mənim işim deyil. İran öz işini özü görsün.
İran mənimlə anlaşmaq istəsə, anlaşaram. Ola bilsin mən onu başa düşüm, o da məni başa düşsün. Amma bütöv bir icmanın taleyi ilə risk etmək mənim düşüncəmə ziddir və mən bunu qəbul etmirəm!”
“İran şiələrin Vatikanı deyil”
Tələbələrədn biri Şəmsəddindən soruşur ki, onun daim ərəb dünyasında yaşayan şiələrin İranın agentləri olmadığını, öz vətənlərinə bağlı olduqlarını vurğulaması İranla “xüsusi və fərqli” münasibətin mövcudluğunu inkar etmək, yəni şiələri bu dünyada İrandan ayırmaq mənasına gəlirmi? Şəmsəddin bu suala belə cavab verir:
“İran İslam ümməti daxilində böyük bir şiə cəmiyyətidir. Bu gün dünyada ən böyük şiə toplusu İrandadır. Orada türk, fars və digər etnik mənşələrdən olan böyük bir şiə toplum var. Şah dövründə o deyirdi ki, guya dünya şiələrinin himayədarıdır. Livanda da, Körfəzdə də bu əsasla müəyyən fəaliyyətlər aparılırdı. Şah Küveytə və ya Bəhreynə gələndə, oradakı şiələr saraydan təyyarəyə, təyyarədən saraya qədər onun üçün qırmızı xalça sərirdilər.
İnqilabdan və İranda İslam hakimiyyətinin qurulmasından sonra da bu iddia yenidən ortaya atıldı. Halbuki şah dünya şiələrini təmsil etmirdi. O, özünü Əhəmənilərin varisi kimi görən imperiya baxışından çıxış edirdi. Məhz o, ‘Tovuz taxtının 2500 illiyi’ tədbirini keçirdi və hicri təqvimi dəyişdirməyə cəhd etdi.
Mən yalnız ərəb şiələrindən danışmıram. Mən Türkiyədəki şiələrdən danışıram və deyirəm ki, onlar Türkiyəyə aiddirlər, İrana yox. Azərbaycandakı şiələr Azərbaycana aiddirlər, İrana yox. Hind yarımadasındakı şiələr – Pakistan, Banqladeş, Hindistan – eləcə də İndoneziyadakı şiələr harada yaşayırsa, oraya aiddirlər. Onlar öz xalqlarına, millətlərinə və dövlətlərinə məxsusdurlar. İran onlar üçün nə siyasi, nə də dini istinad mərkəzidir. İslam ümməti daxilində müxtəlif millətlər mövcuddur. Bu millətlərin dini mənsubiyyətləri, siyasi və təşkilati mənsubiyyətləri var. Şiələr hamısı İranda yaşamır və İran da bütün şiələr demək deyil. İran şiə dünyasının bir hissəsidir.
Mən deyirəm: ey şiə, istər livanlı ol, istər küveytli, istər misirli, istərsə də səudiyyəli – sən bir cəmiyyətə mənsubsan. Bu cəmiyyətin öz maraqlar sistemi var və sən bu sistemin bir hissəsisən. Əgər bu cəmiyyətin bütün nemətlərindən istifadə edirsənsə, sən də onun maraqlar sisteminə daxil olmalısan. Amma sən yaşadığın cəmiyyətdə olub başqa bir cəmiyyətin maraqlar sisteminə bağlanırsansa, yaşadığın cəmiyyət sənə ehtiyatla yanaşacaq.”
Livan şiələri İranın maraqlar sisteminə aid deyil
Şəmsəddin konkret suala belə cavab verir:
“ Mən Livan şiələrini İran sisteminə mənsub hesab etmirəm. Mənim üçün əsas məsələ livanlı şiələri Livan maraqlar sisteminə daxil etməkdir – onların ləyaqətlə dolanmasını, hörmət görməsini və qanunla qorunmasını təmin etməkdir.
İran ‘şiələrin Vatikanıdırmı’? Necə deyirlər… Hörmətli Nəbih Bərri bu fikri irəli sürür, amma mən İranı şiələrin Vatikanı hesab etmirəm. İran onların dini mərkəzidirmi? Yenə deyirəm: xeyr. İstər təqlid mərcələri Seyid Əli Xamenei olsun, istər Seyid Məhəmməd Ruhani, istər ondan əvvəl Gülpayiqani və ya kim olur-olsun – insanlar azaddır. Kim istəsə, onu təqlid edər, kim istəməsə, etməz. Heç kim məcbur deyil.
İranın şiələrin yolunu cızdığı və onların üzərində bir çətir rolunu oynadığı fikrini qəti şəkildə rədd edirəm. İran böyük və hörmətli bir dövlətdir, regional və beynəlxalq maraqları var. Ətrafında toplaşanlardan faydalanması onun öz işidir. Amma bu, şiələrin hamısına şamil edilə bilməz.
Mən əvvəllər də, indi də deyirəm ki, İran – lap başlanğıcdan – dünya şiələri üçün nə siyasi, nə də dini mərkəzdir. İran İslam dünyasının bir hissəsidir; onun özünəməxsus məzhəbi durumu var, beynəlxalq sistemdə ayrıca siyasi-təşkilati mövqeyi var və regionda xüsusi vəziyyəti mövcuddur. Bu vəziyyətlərin hər biri öz mexanizmləri ilə idarə olunur və heç biri digərini avtomatik şəkildə özünə tabe edə bilməz.
Digər bir tərəfdən İranın burada bir qrup, orada başqa bir qrup yaratması məqbul deyil! Mən deyirəm ki, Livan şiələri nə dini, nə də siyasi baxımdan İranın davamçıları deyillər.
Onların şiə olması o demək deyil ki, hansısa ölkədə mollalar hakimiyyətə gəlibsə, bütün ümmət həmin mollalara tabe olmalıdır. Xeyr. Onlar da kişidirlər, biz də kişiyik.”
Şəmsəddin vurğulayır ki, İranın bəzi siyasətləri şiələrə baha başa gəlib:
“Bu mövqe – yəni İranın şiələri öz ardınca sürükləməməsi – mənim fikrimcə şiələrin mənafeyinə uyğundur. Bəlkə də İranın maraqlarına uyğun deyil, amma şiələrin maraqlarına uyğundur. Livanda şiələr həm öz səhvləri, həm də İranın səhvləri ucbatından bir-biri ilə toqquşub qan tökdülər. Əfqanıstanda da eyni şey baş verdi. İndi məsuliyyəti kim daşıyır? Allah da soruşacaq, insanlar da. Mənim İranla bağlı mövqeyim iki tərəflidir: bir tərəfdən İran mənim nə dini, nə də siyasi istinad mərkəzimdir; digər tərəfdən isə ona zülm ediləndə, bacardığım qədər – siyasi mövqeyim, fikrim və sözüm çərçivəsində – onu müdafiə edirəm. İnsanların da kor-koranə təqlidçi olmasını istəmirəm. Bu baxımdan İran nə ərəb şiələri, nə də qeyri-ərəb şiələri üçün ‘tabeedici mərkəz’ deyil, ola da bilməz.
Şəmsəddin davam edir:
“Bu gün Qumda bəzi dairələr var ki, yoxsul, zəif tələbələrin övladlarını təhsil adı ilə cəlb edirlər. Ayda beş-on min tümənlə yaşayan bu tələbələrə deyirlər ki, İranlı mərcülər isitsna olmaqla heç kimi təqlid etməyin.”
“Mənim İrana münasibətim 1979-cu ilin fevralında formalaşıb.Bəzi insanlar İrana sahib çıxmaq istəyir. Mən deyirəm: Allah İrana onu inhisara alan bu mollalara və bəzi partiya mənsublarına bərəkət verməsin.”
Şəmsəddin qəti şəkildə bildirir:
“Hesab edirəm ki, şiələrin İranın davamçıları olması fikri düzgün deyil – nə dini, nə də siyasi baxımdan. Ümumi bir İslam layihəsi var və mən bütün şiələri bu layihəyə inteqrasiya olmağa çağırıram.
Ərəb şiələri və ümumiyyətlə çələr üçü ayrıca siyasi, dini, ictimai layihənin olması faciədir. Əfqan, hind şiələri üçün də bu, fəlakətdir. Şiələr ümmətə inteqrasiya etməlidirlər. Bu, İmam Cəfər Sadiqin çağırışıdır.
Nəhcül-Bəlağəni oxusanız, orada ‘şiə məsələsi’ adlı heç bir sözə rast gəlməzsiniz. Şiələr müsəlmandırlar, şiəlik isə fiqhi bir cərəyandır, siyasi layihə deyil, ola da bilməz.”