BAKI, AzerVoice, Orxan Qədirzadə
Rusiya İranın Buşehr Atom Elektrik Stansiyasını təxliyə edə bilər.
AzerVoice xəbər verir ki, Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom”un baş direktoru Aleksey Lixaçev İranın Buşehr Atom Elektrik Stansiyasının təhlükəsizliyi ilə bağlı açıqlama verib. O bildirib ki, zərurət yaranacağı təqdirdə stansiyanın tam şəkildə təxliyəsi üçün hazırlıq görülür.
Moskva şəhərində jurnalistlərə danışan Lixaçev qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin məsələni ətraflı şəkildə araşdırıb və bu mövzuda həm İsrail, həm də ABŞ tərəfi ilə birbaşa təmaslar qurub. Onun sözlərinə görə, münaqişə tərəfləri atom elektrik stansiyalarının toxunulmazlığı prinsipinə hörmət etməlidir.
Lixaçev vurğulayıb ki, vəziyyət Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ilə koordinasiya şəraitində diqqətlə izlənilir və hər hansı risk yarandığı halda təxliyə tədbirləri operativ şəkildə həyata keçirilə bilər.
Qeyd edək ki, Prezident Vladimir Putin 2025-ci ilin iyun ayında Buşehr Atom Elektrik Stansiyasında yüzlərlə Rusiya vətəndaşının çalışdığını açıqlamışdı.