BAKI,AzerVoice
Ruhların yaradılması bədənlərin yaranmasından daha öncə baş verib. Biz hazırda ruhlar aləmindən ana bətninə, oradan uşaqlığa, gəncliyə, qocalığa, daha sonra isə qəbir, bərzəx, cənnət və ya cəhənnəmə gedən uzun bir yoldayıq. Bu yolun başlanğıc nöqtəsi məhz ruhlar aləmidir. Buna görə də ruhların yaradılışı bədənlərin (cəsədlərin) təşəkkülündən əvvəldir.
Peyğəmbərimiz (s.a.s) bu barədə belə buyurmuşdur:
"Ruhlar bir araya toplanmış dəstələr kimidir. Onlardan öncədən bir-biri ilə tanış olanlar (dünyada da) yaxşı anlaşarlar. Tanış olmayanlar isə bir-birindən uzaqlaşar və dil tapa bilməzlər."
Bu müqəddəs hədis insanların dünyaya gəlməzdən əvvəl haradasa tanış olub qaynaşdıqlarını bizə xəbər verir. Bu hal ana bətnində mümkün olmadığına görə, deməli, ruhlar hələ ana bətninə düşməzdən əvvəl mövcud olublar. Bu, ruhların bədənlərdən öncə yaradıldığının ən açıq sübutudur. İslam alimləri də bu hədisi izah edərkən ruhların bədənlərə gəlməzdən əvvəl tanış olub qaynaşdıqlarını və bədənlərdən daha öncə yaradıldıqlarını vurğulayırlar.
"Bəli, Sən bizim Rəbbimizsən!" – Böyük Əhd nə zaman olub?
Burada digər bir mühüm məsələ ortaya çıxır: Allahın ruhlardan söz aldığı, bizim dildə "Qalu Bəla" ( Bəli Dedilər) kimi tanıdığımız həmin böyük razılaşma nə zaman baş verib? Yəni Uca Allah: "Mən sizin Rəbbiniz deyiləmmi?" – deyə soruşduqda, ruhlar: "Bəli, Sən bizim Rəbbimizsən!" – cavabını nə vaxt veriblər?
Bu mövzuda alimlərin rəyləri qısaca belədir:
Bir qrup təfsir alimi hesab edir ki, bu razılaşma simvolik və məcazi xarakter daşıyır. Onların fikrincə, bu, insanın yaradılışında Allahın rəbbliyini tanımaq qabiliyyətinin olması deməkdir. Yəni insanın fitrətən Allahı tanımağa meylli yaradılması bir növ "şahidlik" kimi qiymətləndirilib.
Təfsir alimlərinin böyük əksəriyyəti isə həm Allahın müraciətinin, həm də ruhların verdiyi cavabın rəmzi deyil, həqiqi olduğu qənaətindədirlər. Son dövrün tədqiqatçıları bu fikri belə ifadə edirlər: Allah ruhlara ağıl, həyat və danışıq qabiliyyəti verdi, Özünün yaradıcılığına dəlalət edən dəlilləri göstərdi. Onlar da sualı anlayıb, dərk edərək dildə söyləmək surətiylə cavab verdilər.