BAKI,AzerVoice, Orxan Qədirzadə
Əlilliyi olan şəxslərin məşğulluğunun artırılması istiqamətində tədbirlər davam etdirilir.
AzerVoice xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi son bir il ərzində əlilliyi olan 5800 şəxsin işlə təmin edilməsinə nail olub. Bu tədbirlər əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası siyasətinin mühüm istiqamətlərindən biri kimi həyata keçirilir.
Məlumata görə, özünüməşğulluq proqramının icrası zamanı digər həssas qruplarla yanaşı, əlilliyi olan şəxslərə də üstünlük verilir. 2025-ci ildə Agentlik tərəfindən bu kateqoriyaya aid 1284 şəxs üçün kiçik ailə təsərrüfatları yaradılıb.
Bununla yanaşı, əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə onlar üçün peşə hazırlığı kursları da təşkil olunur. Dövlət Məşğulluq Agentliyi Azərbaycan Karlar Cəmiyyəti, Gözdən Əlilliyi olan Şəxslər Cəmiyyəti, müxtəlif ictimai birliklər və işəgötürənlərlə əməkdaşlıq çərçivəsində bu istiqamətdə fəaliyyət göstərir.
Ümumilikdə, son bir il ərzində əlilliyi olan təxminən 500 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vuran şəxslərin işlə təmin olunmasına da müvafiq dəstək göstərilib.