BAKI,AzerVoice
İsrail Müdafiə Qüvvələri haredi (ultra-ortodoks) dini icmasına mənsub hərbçilərdən formalaşdırılmış “Haşmonaim” briqadasının Suriyanın cənubunda yaradılmış təhlükəsizlik zonasına yerləşdirildiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, ordunun yaydığı və bu gün Television Syria saytı tərəfindən sitat gətirilən bəyanatda bildirilir ki, briqadaya tabe olan piyada bölmələri xüsusi hərbi hazırlıq mərhələsini başa vurduqdan sonra bölgədə sahə fəaliyyətlərinə başlayıb.
Açıqlamaya əsasən, bölmələr əməliyyat zonasında məqsədyönlü yoxlamalar aparıb, kəşfiyyat xarakterli məlumatlar toplayıb və İsrail tərəfinin iddiasına görə, mümkün təhlükəsizlik risklərinin aradan qaldırılması məqsədi güdülüb. Bəyanatda xüsusilə Colan yüksəklikləri ərazisində yaşayan İsrail sakinlərinin təhlükəsizliyinin təmin edilməsinin əsas prioritet olduğu vurğulanıb.
İsrail ordusu həmçinin bildirib ki, “Haşmonaim” briqadası fəaliyyətini müxtəlif əməliyyat istiqamətlərində davam etdirəcək və haredi əsgərlərin hərbi xidmət dövründə dini həyat tərzlərini qoruması üçün müvafiq şərait yaradılacaq.
Bu yerləşdirmə İsrail ordusunun 28 dekabr 2024-cü ildə ehtiyat qüvvələrə aid 55-ci briqadanın Suriya ərazisindəki missiyasının başa çatdığını elan etməsindən bir neçə gün sonra baş verib. Sözügedən briqada bölgədə 100 gündən artıq fasiləsiz sahə fəaliyyəti həyata keçirmişdi.
Məlumata görə, haredi əsgərlərdən ibarət briqadanın Suriyanın cənubunda yerləşdirilməsi bu ərazi üçün ilk belə hal hesab olunur.