BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
2023-cü ilin 7 oktyabr hücumlarından sonra başlayan genişmiqyaslı regional münaqişənin ikinci ildönümdə, Yaxın Şərqin simasını dəyişdirən çoxsaylı böhranların yaratdığı yeni reallıqları qiymətləndirməyə ehtiyac yaranıb. Qarşıdakı aylarda bu bölgənin hansı istiqamətdə inkişaf edəcəyi - sabitliyəmi, yoxsa daha dərin parçalanmaya doğru - sualı indi hər zamankından daha aktualdır.
Münaqişə İsrail və “HƏMAS” hərəkatı arasında Qəzzada başlayan qarşıdurmadan alovlandı, lakin qısa zamanda regionun taleyini müəyyən edən geosiyasi dönüş nöqtəsinə çevrildi. Bu hadisə İsrail, İran, Türkiyə, Körfəz ölkələri və ABŞ kimi əsas aktorları strateji qərarlar qəbul etməyə məcbur etdi. Həmin qərarlar Yaxın Şərqin qarşısında iki ssenarini açır: ya inteqrasiya və sabitlik dövrü, ya da uzunmüddətli toqquşmalar və parçalanma mərhələsi.
Yeni regional sistemin axtarışı
Bu həlledici mərhələdə regionun gələcəyini müəyyənləşdirən bir sıra əsas suallar önə çıxır:
İsrail öz hərbi üstünlüyünü normallaşma və siyasi həll yoluna çevirə biləcəkmi?
İran birbaşa müdaxilələrə əsaslanan siyasətini dəyişib daha sabit diplomatik xətt seçəcəkmi?
ABŞ və Körfəz ölkələri təsir imkanlarını sadəcə reaksiyaya deyil, dayanıqlı sabitliyin qurulmasına yönəldə biləcəklərmi?
Livan və Suriyada dövlətin yenidən qurulması üçün yaranan məhdud imkanlar regional dirçəlişə səbəb olacaq, yoxsa yeni bir gərginlik dalğasında itib-batacaq?
Qazananlar və uduzanlar
İsrail aydın şəkildə regionun birinci dərəcəli hərbi gücü kimi önə çıxıb. Onun əməliyyatları hadisələrin gedişatını təkcə Qəzzada deyil, həm də Livan, Suriya, Yəmən və hətta İran ərazisində müəyyənləşdirdi. Tel-Əviv İranın strateji obyektlərinə birbaşa zərbələr endirməklə, əvvəlki “çəkindirici güc balansı”nı dağıtdı və yeni güc paradiqması formalaşdırdı.
Əksinə, İran bu prosesdə ən çox itirən tərəf kimi göründü. Tehranın uzun illər fəxr etdiyi “müqavimət oxu” artıq dağılmış vəziyyətdədir. Bu ittifaq illər boyu İsrailə qarşı balans yaratsa da, indi Suriyadan geri çəkilməyə, “Hizbullah”ın Livandakı təsirinin azalmasına və İranın öz ərazisinə yönələn hücumların qarşısını belə ala bilməməsinə gətirib çıxardı.
Bunun əksinə olaraq, Türkiyə səssiz, lakin davamlı şəkildə öz təsirini gücləndirib. Ankaranın dəstəyi ilə hakimiyyətə gələn Əhməd əş-Şəraanın Suriya prezidenti seçilməsi, Türkiyəyə Dəməşqdə yeni təsir qapısı açdı və regional nüfuzunu bərpa etdi.
Körfəz ölkələri isə indiyədək münaqişədən birbaşa qarşıdurmadan yayınma siyasəti ilə fərqlənirdilər. Lakin ötən həftə Qətərə qarşı İsrailin hava hücumu bu ölkələri birbaşa gərginliyin mərkəzinə çəkdi və Körfəzin münaqişənin dərinliklərinə sürüklənməsi ehtimalını artırdı.
Köhnə sistemin çöküşü – yenisinin doğulmamış gələcəyi
Onilliklər boyu Yaxın Şərqdə hökm sürən köhnə system - İsrail ilə İran və onun müttəfiqləri arasındakı qeyri-sabit güc tarazlığı - indi tamamilə dağılıb. Lakin onun yerinə davamlı yeni regional nizam hələ yaranmayıb.
İsrailin Güc Baxışı: Yeni Regional Nizamın Mühəndisi
Yaxın Şərqdə yaranmış yeni reallıqda İsrail özünü dominant hərbi güc kimi təqdim edir. Bu mövqedən çıxış edərək, o, qarşıdakı mərhələdə regional sistemin əsas memarı rolunu oynamağa çalışır. Tel-Əviv indi əldə etdiyi hərbi üstünlükləri regional təhlükəsizlik çərçivəsinə çevirmək, özünü daimi olaraq bölgəyə inteqrasiya etmək niyyətindədir.
Bu məqsədlə İsrailin qarşısında bir neçə əsas addım dayanır:
Qəzzada müharibəni sona çatdırmaq,Səudiyyə Ərəbistanı ilə normallaşma prosesini sürətləndirmək,fələstinlilərə real siyasi perspektiv təqdim etmək, həmçinin Suriya, Livan və digər ərəb-İslam ölkələri ilə barışıq qapılarını açmaq.
Lakin Baş nazir Binyamin Netanyahunun hazırkı siyasəti bu istiqamətdən getdikcə uzaqlaşır. Qəzzadakı müharibə artıq üçüncü ilinə daxil olur. Netanyahu, “HƏMAS”la aparılan diplomatik təşəbbüsləri qəsdən pozmaqla, xüsusilə də Dohadakı HƏMAS danışıqlar heyətinə hücum əmri verməklə, atəşkəs səylərini sıradan çıxarıb.
Bu hücumun ardınca Qətərin hədəf alınması ABŞ Prezidenti Donald Trampın yenidən səhnəyə qayıtmasına səbəb oldu. Tramp “Qəzza müharibəsinə son qoymaq planını” elan etdi və eyni zamanda Qətərə təhlükəsizlik zəmanəti verəcəyini bəyan etdi. O, açıq şəkildə bildirdi:“Mən İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyəm.”
Tramp Planının Gedişatı və Riskləri
Trampın təşəbbüsü uğursuzluğa düçar ola bilər, çünki HƏMAS hələ də razılaşmanın bəzi detalları üzərində danışıqları davam etdirir. Lakin əgər plan həyata keçərsə, bu, bir neçə mühüm nəticə doğura bilər:
İsrail müharibəni dayandırmağa məcbur olacaq,Qərb sahilinin ilhaqı təxirə salınacaq,Səudiyyə Ərəbistanı ilə mümkün diplomatik sazişin yolu açılacaq.
Əgər plan uğursuzluğa uğrasa, müharibə üçüncü ilə keçəcək və region bir neçə həftə əvvəlki gərgin vəziyyətə geri dönəcək.
Yeni Regional Gərginliklər
Qətərə qarşı hücum və sentyabrın əvvəlində Türkiyə ilə artan gərginlik yeni regional qarşıdurma dalğasının başlaya biləcəyinə işarə edir. İsrailin Livan və Suriyada əldə etdiyi “qələbələr” isə hələlik tam siyasi nəticə doğurmamış hərbi uğurlardır. Tel-Əviv bu uğurları regional təhlükəsizlik mexanizminə çevirmək əvəzinə, diplomatik yollardan uzaq düşür. ABŞ-ın effektiv təzyiqinin olmaması səbəbindən Netanyahu İsraili və bütün bölgəni bitməyən münaqişə dövriyyəsində saxlayır.
İranın Yeni Reallıq Qarşısında Durumu
Tehran üçün də tarixi dönüş nöqtəsi yetişib. İran illərdir tətbiq etdiyi strategiyanı - “ön müdafiə xətti” adı altında silahlı qrupları ön cəbhəyə göndərmə siyasətini - davam etdirmək iqtidarında deyil.
Bu strategiya iflasa uğrayıb:
İran artıq təsirli caydırıcılıq gücünə malik deyil,müttəfiqləri zəifləyib,regional təsiri hər keçən gün azalır.
Buna baxmayaraq, Tehran hələ də strateji kursunu dəyişməkdən imtina edir. O, sağ qalan silahlı qruplarını dəstəkləməyə davam edir və nüvə proqramı məsələsində əvvəlki mövqeyində qalır.
Bu durğunluq siyasəti İrana qarşı yeni risklər yaradır - İsrailin təzyiqlərinin artması, beynəlxalq təcridin dərinləşməsi və daxili zəifliyin artması kimi.
Alternativ Yol: Diplomatik Yenilənmə
İran üçün alternativ yol hələ də mövcuddur. Bu yol onun sərhədlərini qoruyub regional sabitlikdə iştirak etməsini təmin edə bilər:
Ərəb qonşuları ilə diplomatik əlaqələrin bərpası,silahlı milis siyasətindən imtina,davam edən münaqişələrin, o cümlədən Fələstin məsələsinin danışıqlar yolu ilə həlli,regional enerji şəbəkələri, iqtisadi marşrutlar və təhlükəsizlik çərçivələrinin qurulması.
Belə bir yanaşma İrana yalnız təhlükəsizlik qazandırmaz, həm də xalqının rifahına və bölgənin ümumi sabitliyinə töhfə verər.
Körfəz ölkələri: sabitlik istəyi, məhdud təsir gücü
Körfəz ölkələri uzun müddətdir ki, Yaxın Şərqdə daha sabit və inteqrasiya olunmuş regional sistemin formalaşmasında maraqlıdır. Lakin onların bu məqsədə çatmaq imkanları hərbi baxımdan məhdud qalır. Regiondakı balansı hələ də İsrailin hərbi üstünlüyü və ABŞ-ın strateji siyasəti müəyyən edir.
Səudiyyə Ərəbistanının İsraillə normallaşma təklifi hazırda onun ən güclü diplomatik alətidir. Bu təşəbbüs ərəb-İsrail münasibətlərində dönüş nöqtəsi yarada bilərdi. Lakin hələlik bu təklif İsrailin mühafizəkar sağçı koalisiyası tərəfindən qəbul olunmayıb.
Eyni zamanda, Körfəz ölkələrinin Tehrana yönəlmiş diplomatik təşəbbüsləri də hələ istənilən nəticəni verməyib. İran öz regional mövqeyini dəyişməyə və ya hibrid münaqişə siyasətindən əl çəkməyə meyil göstərmir.
ABŞ prezidenti Donald Tramp, ikinci prezidentlik dövründə, Körfəz ölkələri ilə ortaq strateji baxış paylaşır: məqsəd, bölgədə sabit və inteqrasiya olunmuş sistem qurmaqdır - burada Vaşinqton həm vasitəçi, həm də əsas faydalanan tərəf olmalıdır.
Tramp seçkidən sonra Netanyahuya təzyiq edərək ondan Qəzza və Livanda atəşkəsə razılıq verməsini tələb etmişdi. Lakin qısa müddət ərzində Vaşinqton yenidən passiv mövqeyə qayıtdı və İsrailin qərarlarına reaksiya verən tərəf kimi çıxış etməyə başladı.Buna baxmayaraq, Qətərə edilən hücum Trampı yenidən ön plana çıxardı. O, bu hadisədən sonra Yaxın Şərqə dair genişmiqyaslı diplomatik vizyonunu açıqladı.
Trampın Yaxın Şərq hədəfi: yeni “Abraham sazişləri”
Trampın məqsədləri aşağıdakılardır:
Səudiyyə Ərəbistanı, Suriya və Livan ilə yeni Abraham tipli sazişlərin tamamlanması,İranın nüvə proqramı probleminin daimi həlli,Fələstin məsələsində Səudiyyəni razı salan və İsrailin təhlükəsizliyini təmin edən kompromis əldə etmək.
Əgər bu son təşəbbüs uğur qazanarsa, Trampın planı regionun çoxqatlı böhranları üçün növbəti mərhələnin əsasını qoya bilər. Əks halda, bu planın uğursuzluğu Vaşinqtonun Yaxın Şərqdəki nüfuzuna və diplomatik mirasına zərbə vuracaq.
Bununla belə, Trampın vizyonu həm ABŞ diplomatiyasının yeni fəslini, həm də onun xarici siyasət irsini müəyyənləşdirə bilər.
Yaxın Şərqin strateji “şahmat lövhəsi” hələ sabit deyil, amma hər bir ölkənin daxilindəki proseslər yeni istiqamətlər yaradır - bəziləri sabitlik üçün fürsət, bəziləri isə yeni böhranların başlanğıcı ola bilər.
Livanda dövlətin geri dönüşü
Livan hazırda dövlətin yenidən dirçəlişinin ən ümidverici nümunələrindən birini təqdim edir. Onilliklər boyu siyasi iflas və iqtisadi çökmə ilə mübarizə aparan ölkədə dövlət institutları tədricən ayağa qalxmağa başlayıb.
Hazırda Livanda “Hizbullah”ın nəzarəti zəifləyir,İranın təsiri kəskin şəkildə azalır, beynəlxalq dəstək maliyyə və idarəetmə islahatlarını stimullaşdırır.
Livanın qarşısında suverenliyini bərpa etmək, maliyyə sistemini yenidən qurmaq və çoxmillətli dövləti sabitləşdirmək üçün nadir bir imkan var.
Bu proses hələ kövrəkdir, xüsusən “Hizbullah”ın sabotaj potensialı və İsrailin atəşkəs öhdəliklərini gec yerinə yetirməsi nəzərə alınarsa. Amma ümumi meyl dövlətin möhkəmlənməsi və institutlaşmanın güclənməsi istiqamətindədir.
Suriya: Zəif, amma strateji keçid dövrü
Suriyada baş verən proseslər, regionun gələcəyi baxımından həm ümid, həm də risk mənbəyidir. Prezident Əhməd əş-Şəraa ölkənin vahid, inklüziv dövlət kimi yenidən qurulacağına dair vəd versə də, onun rəhbərliyinin müxalifətə qarşı sərt reaksiyası, xüsusilə Ələvi sahil bölgəsi və Süveyda hadisələrində tətbiq olunan güc, bu vədlərin səmimiyyətinə dair suallar doğurur.
Bununla yanaşı, Kürd qüvvələri tərəfindən idarə olunan “Suriya Demokratik Qüvvələri” ilə danışıqlardakı durğunluq ölkə daxilindəki etimad böhranını dərinləşdirir. Müxtəlif etnik və dini qruplar arasında yaranmış etimadsızlıq mühiti Suriya dövlətinin yenidən formalaşmasını çətinləşdirir.
Lakin bütün çətinliklərə baxmayaraq, Prezident əş-Şəraa bütün cəmiyyətləri əhatə edən, iqtisadi və siyasi cəhətdən dayanıqlı bir dövlət modeli qurmaqda qərarlıdır. O, Suriyanın regional və beynəlxalq aləmdə yenidən qəbul edilən aktora çevrilməsi üçün ciddi səylər göstərir və bu istiqamətdə bölgə ölkələrinin və beynəlxalq təşkilatların dəstəyinə malikdir.
Suriya nümunəsində olduğu kimi, funksional dövlət və güclü iqtisadi sistemin bərpası, təkcə Suriyanın daxili sabitliyini deyil, həm də Yaxın Şərqdə ümumi balansın yaranmasını təmin edə bilər.
Regional sistemin qovşağında - Yeni nizam, yoxsa xaosun davamı
2023-cü ilin 7 oktyabr hadisələrindən iki il sonra Yaxın Şərq tarixi bir dönəmin qapısındadır. Köhnə regional system - İsrail ilə İranın rəhbərlik etdiyi ikiqütblü güc balansı - artıq tamamilə çökmüş vəziyyətdədir, lakin yeni sistem hələ doğulmayıb.
İsrail hərbi baxımdan tarixində görünməmiş üstünlük qazanıb, İran isə müdafiə mövqeyinə sıxışdırılıb. Körfəz ölkələri və ABŞ sabitlik çərçivəsi axtarışındadır, eyni zamanda Livan və Suriya kimi ölkələrdə daxili siyasi dinamika yeni transformasiya mərhələsini doğurur.
Bu şəraitdə əsas sual budur:
Bu transformasiyalar təhlükəsizlik, diplomatiya və iqtisadi inteqrasiyaya əsaslanan yeni bir regional sistemin yaranmasına gətirib çıxaracaqmı?Yoxsa region yeni müharibələr və davamlı qeyri-sabitlik dövrünə sürüklənəcək?
Yaxın Şərq hazırda həm böyük təhlükələr, həm də tarixi imkanlar dövrünü yaşayır. Əgər regional aktorlar və ABŞ yaranmış bu pəncərəni dəyərləndirə bilsələr, davamlı sabitlik və iqtisadi rifah üzərində qurulmuş yeni sistem formalaşdıra bilərlər.
Əks halda, bölgə bir böhrandan digərinə keçən xaotik dövr yaşayacaq və növbəti partlayış Yaxın Şərqin xəritəsini yenidən çəkəcək.
Bu gün Yaxın Şərq tarixinin ən həlledici mərhələsini yaşayır. Müharibələrin, rəqabətlərin və diplomatik planların içində sabitlik üçün pəncərə hələ tam bağlanmayıb.
Əgər regionun əsas gücləri və beynəlxalq tərəfdaşlar cəhd göstərsələr, bu dövr müharibədən sülhə keçidin başlanğıcı ola bilər.