BAKI,AzerVoice
ABŞ Dövlət Departamenti çərşənbə günü açıqlama yayaraq, İranda dəstəklənən dörd silahlı iraqlı qruplaşmanı xarici terror təşkilatları siyahısına daxil etdiyini bildirib. Bu addım Vaşinqtonun “Yaxın Şərqdə İranın nüfuzuna qarşı mübarizə aparmaq və Tehranın dəstəklədiyi silahlı qrupların ABŞ maraqlarına yönəlmiş təhdidlərini azaltmaq” strategiyasının tərkib hissəsi kimi təqdim olunub.
Yeni qərara əsasən, “Hərəkət ən-Nücəba”, “Kətaib Seyyid əş-Şühəda”, “Ənsarullah əl-Üfaiya Hərəkatı” və “Kətaib əl-İmam Əli” terrorçu təşkilat kimi tanınıb.
Bəyanatda qeyd olunub ki, bu qruplaşmalar ABŞ və müttəfiq qüvvələrinin təhlükəsizliyini hədəf alan terror fəaliyyətlərində iştirak edib və İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qolu ilə sıx əməkdaşlıq qurublar.
ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, bu qruplar dəfələrlə Bağdaddakı ABŞ səfirliyinə və ABŞ qoşunlarının yerləşdiyi bazalara hücum ediblər:
“Onlar adətən iştiraklarını gizlətmək üçün saxta adlardan və ya vasitəçi qruplardan istifadə edirlər.”
Qruplar haqqında məlumat
- Hərəkət ən-Nücəba – 2013-cü ildə yaradılıb, İranın ali lideri Əli Xameneiyə sədaqətini elan edib. Onun lideri Əkrəm əl-Kaabi 2019-cu ildən “qlobal terrorçu” kimi siyahıya salınıb. Qrup açıq şəkildə ABŞ bazalarını hədəf almaqla hədələyib.
- Kətaib Seyyid əş-Şühəda – 2023-cü ildə lideri Haşim Fənian əs-Səraji ilə birlikdə terrorçu elan olunub. Qrup “İraqdakı İslam Müqaviməti” daxilində fəaliyyət göstərir və İrandan müasir silah və təlimlər alır.
- Ənsarullah əl-Üfaiya Hərəkatı – lideri Heydər əs-Saidiylə birlikdə 2024-cü ildə SDGT (Xüsusi Qlobal Terrorçular Siyahısı) çərçivəsində tanınıb. ABŞ-ın İordaniyadakı “Bürc 22” bazasına pilotsuz aparat hücumunda iştirak edərək 3 amerikalı hərbçinin ölümünə səbəb olub.
- Kətaib əl-İmam Əli – 2025-ci ildə siyahıya salınıb. Qrup ABŞ hədəflərinə qarşı hücumlarda iştirak edib, onun üzvləri İranda və Livanda “Hizbullah” tərəfindən hərbi təlim keçiblər. Lideri Şibl əz-Zeydinin İranla maliyyə əlaqələri önə çəkilir.
ABŞ rəsmiləri bildiriblər ki, bu təsnifat qrupları “ifşa və təcrid” edəcək, onların ABŞ maliyyə sisteminə və resurslara çıxışını bağlayacaq. Qrupların ABŞ-dakı bütün aktivləri dondurulacaq, amerikalıların onlarla hər cür maliyyə əməliyyatı aparması qadağan ediləcək. Həmçinin, bu təşkilatlarla əməkdaşlıq edən digər tərəflər də ikinci dərəcəli sanksiyalarla üzləşə bilərlər.
Dövlət Departamenti xatırladıb ki, oxşar addımlar əvvəllər də atılıb. “Kətaib Hizbullah” 2009-cu ildə, “Asaib Əhl əl-Həqq” isə 2020-ci ildə terrorçu elan edilib. Hər iki qrup İranın maliyyə və hərbi dəstəyi ilə ABŞ qüvvələrinə qarşı qanlı hücumlarda iştirak edib.