BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Çinin aparıcı enerji texnologiyaları istehsalçılarından Dongfang Electric Corporation ilə Türkiyədə külək turbinlərinin istehsalı üzrə böyük layihə üzərində danışıqlar apardıqlarını açıqlayıb.
AzerVoice xəbər verir ki, layihəyə görə, Çinli şirkət Türkiyədə illik 2 min meqavat gücündə turbin istehsal edəcək zavod qurmağı planlaşdırır.
Bayraktar sosial media hesabında paylaşdığı məlumatda Dongfang Electric rəhbərliyi ilə geniş müzakirələr apardığını bildirib. Nazir vurğulayıb ki, bu təşəbbüs Türkiyənin enerji müstəqilliyi və bərpaolunan enerji istehsalı baxımından strateji əhəmiyyət daşıyır.
Bayraktar, Türkiyənin günəş və külək enerjisi üzrə 2035-ci ilə qədər 120 min meqavat quraşdırılmış gücə çatmaq məqsədi olduğunu xatırladıb.
“Bu gücə çatarkən ölkəmizin turbin və panel istehsal potensialını da artırmaq istəyirik. Dongfang ilə müzakirə etdiyimiz layihə bu niyyətimizi konkret addımla gücləndirəcək”- deyə o bildirib.
Çin şirkətinin təxminən 250 milyon dollarlıq sərmayəsi ilə həyata keçiriləcək zavodun Türkiyənin bərpaolunan enerji texnologiyaları bazarında istehsal gücünü artıracağı, yeni iş yerləri yaradacağı və ölkənin enerji sektorunda ixrac potensialını yüksəldəcəyi gözlənilir.