BAKI, AzerVoice, Fərid Mikayılov
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) mənbələri bildirib ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriya Müvəqqəti Hökumətinə inteqrasiyası ilə bağlı proses nazirlik tərəfindən diqqət və həssaslıqla izlənilir.
AzerVoice xəbər verir ki, Aktürk bildirib ki, Türkiyə Silahlı Qüvvələri (TSK) NATO, BMT və digər beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində bir çox bölgədə uğurla fəaliyyət göstərir.
25–26 sentyabrda Kosovoya göndərilən ehtiyat tabor, 1 oktyabrdan etibarən 3 aylıq müddətə NATO-nun KFOR missiyasını icra etməyə başlayıb. Bundan əlavə, Türkiyənin dəniz patrul təyyarəsi Seneqalın tələbi ilə Dakar bölgəsində axtarış-xilasetmə və nəzarət fəaliyyətlərinə qatılıb.
MSB sözçüsü Qəzzadakı humanitar böhranın sona çatdırılması üçün atılacaq bütün addımları dəstəklədiklərini vurğulayaraq, “Ədalətli və davamlı sülhün bərqərar olması üçün tərəflərin qəbul edəcəyi hər bir təşəbbüsə dəstək veririk” deyib. O, həmçinin Milli Müdafiə Universitetində yeni tədris ili çərçivəsində Prof. Dr. Erhan Afyoncunun “Fələstində 800 il” mövzusunda ilk dərs verəcəyini, burada Fələstinin türk hakimiyyəti dövründəki sabitliklə bu günkü faciəvi vəziyyətin müqayisə olunacağını açıqlayıb.
Aktürk, “Pençə-Kilit” əməliyyatı başda olmaqla, Türkiyə ordusunun terrora qarşı mübarizəsinin davam etdiyini bildirib. Onun sözlərinə görə, Tel Rıfat və Münbiç bölgələrində məhv edilən tunellərin uzunluğu 642 kilometrə çatıb.
Həftəlik hesabatda sərhədlərdə 188 nəfərin yaxalandığı, onların 5-nin terror təşkilatı üzvü olduğu qeyd olunub. 2025-ci il ərzində isə ümumilikdə 51 min 876 nəfərin qeyri-qanuni yollarla keçməsinə mane olunub. Bundan başqa, Van bölgəsində aparılan əməliyyatlarda 118 kiloqram narkotik vasitə ələ keçirilib.