BAKI, AzerVoice, Nailə Babazadə
Gəmi və insansız dəniz platformaları, şaquli qalxma-enmə qabiliyyətinə malik sabitqanadlı insansız hava aparatlarının (İHA) inteqrasiyası ilə strateji imkanlar qazanacaq.
AzerVoice xəbər verir ki, Türkiyənin müdafiə sənayesi şirkəti HAVELSAN, 2019-cu ildən bəri Robotik Avtonom Sistemlər Mərkəzində insansız vasitələr inkişaf etdirir.
Bu çərçivədə formalaşdırdığı platforma ekosistemi ilə insansız hava, quru və dəniz vasitələri istehsal edən HAVELSAN, ortaya qoyduğu həllərlə ölkə daxilində və xaricdə mühüm vəzifələr icra edir.
Şaquli qalxma-enmə (VTOL) qabiliyyətinə malik sabitqanadlı hava platformaları BAHA Avtonom Buludaltı İHA, BOZBEY Avtonom Buludaltı İHA və BULUT Avtonom İHA, həm müstəqil şəkildə, həm də digər hava, quru və dəniz vasitələri ilə inteqrasiya olunmuş formada fəaliyyət göstərə biləcək səviyyəyə gətirilib.
BAHA, BOZBEY və BULUT, son dövrdə keçirilən uğurlu sınaqlarla gəmi və insansız dəniz vasitələri ilə inteqrasiya olunmuş şəkildə işləyə biləcəyini sübut edib.
Müasir hərbi birləşmələrin ehtiyaclarını ödəmək üçün dizayn olunan bu İHA-lar, uçuş zolağı tələb etməyən şaquli qalxma-enmə qabiliyyəti, tam avtonom fəaliyyət xüsusiyyətləri və modulyar memarlığı ilə seçilir. Bu sistemlər gecə-gündüz, buludlu hava şəraitində belə işarələmə, aşkarlama və kəşfiyyat toplama vəzifələrini uğurla yerinə yetirə bilir və müxtəlif faydalı yüklərin inteqrasiyasına imkan yaradır.
HAVELSAN, İHA-ların dəniz platformalarında istifadəsinə dair DESAN Tersanesi ilə müqavilə imzalayıb.
Müqavilə çərçivəsində Malayziya Dəniz Tətbiq Agentliyinə (MMEA) təhvil veriləcək 99 metrlik Çox Məqsədli Missiya Gəmisində BOZBEY İHA sistemi yer alacaq. Bu, təlim, inteqrasiya, lojistika və dəstək proseslərini də əhatə edəcək.
Layihə ilə, çox məqsədli gəminin uzun mənzilli kəşf və müşahidə qabiliyyəti artırılaraq, gəmiyə istihbarat baxımından daha güclü təsir imkanları qazandırılması hədəflənir.
BOZBEY İHA ilə gəminin göyərtəsinə dəqiq enmə-qalxma həyata keçirmək, həmçinin gəminin görmə sahəsinin xaricindəki obyektlərin görüntüsünü və koordinat məlumatlarını real vaxtda idarəetmə mərkəzinə ötürmək mümkün olacaq.
BAHA, BULUT və BOZBEY kimi şaquli enmə-qalxma qabiliyyətli platformalar hazırlayan HAVELSAN, bu müqavilə ilə sabitqanadlı İHA kateqoriyasında dənizçilik/gəmi sahəsində ilk müqaviləsini imzalamış oldu.
Fərqli çəkilər və qanad açıqlarına malik hava vasitələrindən BULUT, 5 kiloqramlıq faydalı yük daşıma qabiliyyəti ilə 6 saat, BOZBEY 3 kiloqramla 6 saat, BAHA isə 2 kiloqramla 2 saat fəaliyyət göstərə bilir.
Bu vasitələrin gəmi və insansız dəniz platformaları ilə inteqrasiyası bir sıra əməliyyat üstünlükləri təmin edir.
BAHA, BOZBEY və BULUT, gəmilərdən qalxaraq dəniz üzərində kəşfiyyat, müşahidə və məlumat toplama missiyalarını yerinə yetirə biləcək. Beləliklə, dəniz platformalarının təsir dairəsi genişlənəcək və sahildən uzaq ərazilərdə də effektiv vəziyyətə nəzarət təmin olunacaq.
İHA-ların tam avtonom fəaliyyət qabiliyyəti, gəmi heyətinin yükünü azaldacaq və mürəkkəb əməliyyatlarda sürətli qərarvermə proseslərini dəstəkləyəcək. Modulyar quruluşları sayəsində müxtəlif sensor və faydalı yüklərlə təchiz oluna bilən bu sistemlər, missiya tələblərinə uyğunlaşdırıla bilər.
HAVELSAN-ın hazırladığı komanda-idarəetmə sistemi, İHA-ların insansız dəniz vasitələri və digər platformalarla əlaqəli şəkildə işləməsini mümkün edir. Bu sayədə hava-quru-dəniz elementlərinin inteqrasiya olunmuş fəaliyyəti təmin edilərək əməliyyat səmərəliliyi artırılacaq.
Buludaltı missiyalar yerinə yetirə bilmə qabiliyyətləri sayəsində bu İHA-lar zəif yağış və qar kimi əlverişsiz hava şəraitində də fəaliyyət göstərə bilir. Bu isə dənizdəki dəyişkən hava şəraitinə qarşı mühüm üstünlük yaradır.
İHA-lar sahil və sərhəd təhlükəsizliyi əməliyyatlarında gəmilərdən asılı olmayaraq geniş əraziləri skan edə bilir. Təbii fəlakətlər zamanı keçilməsi çətin olan ərazilərdə, gəmilərdən qalxaraq ilkin vəziyyət dəyərləndirməsini aparmaq və axtarış-xilasetmə əməliyyatlarında sürətli müdaxilə imkanı təmin edir.
Elektron müharibə şəraitində qarışdırmaya qarşı dözümlü olan bu İHA-lar, dənizdəki elektron təhdidlərə qarşı əməliyyat etibarlılığını artırır.
İHA-ların bir idarəetmə məntəqəsindən digərinə ötürülə bilməsi, dənizdə uzunmüddətli əməliyyatlarda fasiləsiz fəaliyyət təmin edir. Bu xüsusiyyət, xüsusilə uzun məsafəli dəniz əməliyyatlarında strateji əhəmiyyət daşıyır.