BAKI, AzerVoice, Nailə Babazadə
Suriya Prezidenti Əhməd əş-Şəraa, SDQ adı altında fəaliyyət göstərən terrorçu PKK/YPG ilə 10 Mart Razılaşmasının icrası ilə bağlı danışıqların davam etdiyini bildirib. Şəraa qeyd edib ki, təşkilat tətbiqə hazır olduqlarını desə də, bəzi texniki detalları tələb edir və sahədəki davranışları ilə rəsmi mövqeləri arasında uyğunsuzluq var.
AzerVoice xəbər verir ki, Prezident Şəraa bu açıqlamaları Şamda, Muhacirin Sarayında İdlibdən olan siyasətçilər, alimlər və ictimai şəxslərlə keçirdiyi görüşdə verib. O bildirib ki, “SDQ tətbiqə hazır olduqlarını söyləyir, lakin mediada və danışıqlarda ifadə edilən mövqe ilə ərazidəki davranışları arasında ziddiyyət var.” - deyə Şəraa qeyd edib.
Əhməd əş-Şəraa əlavə edib ki, 10 Mart Razılaşması Suriya, SDQ, ABŞ və Türkiyə arasında razılaşdırılıb və bu dörd tərəf bir məsələdə razılığa gəlibsə, nəticə əldə olunacaq.
Prezident, razılaşmanın il sonuna qədər həyata keçirilməli olduğunu, beynəlxalq aktorların isə Suriyanın şimal-şərqindəki problemin sülh yolu ilə həllinə dəstək verdiklərini vurğulayıb.
“Bu məsələnin bir neçə ay ərzində həll olunacağına inanıram. Suriya torpağının bir qarışından belə imtina etməyəcək. Dövlətin qanun və Konstitusiyası çərçivəsində hər kəsin hüququ qorunacaq.” – deyə Şəraa bildirib.
Süveyda bölgəsi ilə bağlı danışan Şəraa, dövlətin zəiflədilməsi məqsədilə müəyyən planların həyata keçirildiyini və İsrailin bölgəyə birbaşa müdaxilə etdiyini açıqlayıb. Prezident bildirib ki, bu cür müdaxilələrə qarşı klassik olmayan üsullarla tədbir görülür və nəticələr yaxın zamanda görünəcək.
Prezident Şəraa, ölkənin bölünmə təhlükəsi ilə qarşı-qarşıya olmadığını da vurğulayıb.
“Suriyanı bölmək istəyənlər siyasətdən bixəbərdir. Bunlar xəyallara qapılıb. Bölünmə üçün lazım olan faktorlar Suriyada yoxdur. Suriya cəmiyyəti bölünə biləcək bir toplum deyil.” – deyə o əlavə edib.