BAKI, AzerVoice
Türkiyənin müdafiə sənayesi şirkəti "FNSS" və Səudiyyə Ərəbistanının "SAMI LAND" müdafiə sənayesi şirkəti arasında hərbi sənayenin lokallaşdırılmasını hədəfləyən çərçivə razılaşması imzalanıb.
AzerVoice xəbər verir ki, bu barədə "FNSS" şirkəti məlumat yayıb.
Məlumata görə, müqavilə "SAMI"-nin vitse-prezidenti Məhəmməd bin Saud əl-Hudayb və "FNSS"-in baş direktoru Nail Kurt tərəfindən imzalanıb. İmzalanma mərasimində Səudiyyə Ərəbistanının Müdafiə Sənayesi Nazirinin müavini Xalid bin Hüseyn əl-Biyari, Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi naziri Haluk Görgün, həmçinin Səudiyyə Ərəbistanının Hərbi Sənayelər üzrə Baş İdarəsinin (GAMI) rəhbəri Əhməd bin Əbdüləziz əl-Ohali iştirak edib.
Bu razılaşma çərçivəsində yüksək texnologiyalı yeni nəsil 8x8 zirehli vasitələrin Səudiyyə Ərəbistanında yerli istehsalı nəzərdə tutulur.
Məlumat üçün bildirək ki," FNSS Savunma Sistemleri A.Ş." 1988-ci
ildə qurulub. FNSS-in istehsalat müəssisələri Ankara vilayətinin
Gölbaşı bölgəsində yerləşir.
Şirkət, Türkiyə Silahlı Qüvvələri üçün zirehli nəqliyyat
vasitələri, eləcə də silah sistemlərinin aparıcı təchizatçılarından
biridir.