Əsas səhifə » Türkiyə aviasiya sahəsində iki yeni rekorda imza atıb

Türkiyə aviasiya sahəsində iki yeni rekorda imza atıb

BAKI, AzerVoice

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, 24 iyul tarixində Türk hava məkanında min tranzit uçuşa xidmət göstərildiyini və bunun bütün zamanların ən yüksək gündəlik tranzit uçuş göstəricisi olduğunu bildirib.

AzerVoice xəbər verir ki, nazir yazılı açıqlamasında, Türk hava məkanının və İstanbul Hava Limanının aviasiya sahəsində ardıcıl uğurlara imza atdığını qeyd edib.

“Bu göstərici ilə Türk hava məkanında bütün dövrlərin ən yüksək tranzit uçuş sayı qeydə alınıb,” – deyə Uraloğlu bildirib.

Bundan əlavə, nazir 25 iyul tarixində İstanbul Hava Limanında da tarixi bir ilk yaşandığını açıqlayıb. Onun sözlərinə görə, həmin gün hava limanında 271 min 836 sərnişin hərəkəti qeydə alınıb.

“Bu göstərici ilə İstanbul Hava Limanı bütün zamanların ən yüksək gündəlik sərnişin sayına çatıb,” – deyə Uraloğlu vurğulayıb.

Türkiyənin aviasiya sahəsində son dövrlərdə əldə etdiyi bu nailiyyətlər, ölkənin beynəlxalq hava nəqliyyatında strateji əhəmiyyətini daha da artırır.

Qeyd edək ki, İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı olaraq qeydə alındı.

Hesabata görə, İstanbul Hava Limanı 7-13 iyul tarixləri arasında gündəlik orta hesabla 1 612 uçuşla Avropada ən sıx hava limanı olub.

İstanbul Hava Limanını gündəlik 1 457 uçuşla Amsterdam, 1 428 uçuşla Paris (Şarl De Qoll), 1 400 uçuşla Frankfurt və 1 346 uçuşla London (Hitrou) hava limanları izləyib.

Xatırladaq ki, iyulun 17-də ABŞ-ın “Travel and Leisure” nəşrinin oxucuları arasında keçirilən illik sorğuya əsasən, İstanbul Hava Limanı dünyanın ən yaxşı beynəlxalq hava limanı seçilmişdi.

Onu da qeyd edək ki, 2025-ci ilin iyun ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 39 milyon 37 min 955 nəfər olub.

Digər Kateqoriyalar

2025 © Azervoice