BAKI, AzerVoice
FETÖ ilə mübarizəmiz bir nəfər də qalmayana qədər davam edəcək.
AzerVoice xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən mərasimdə çıxış edərək, FETÖ ilə mübarizənin qətiyyətlə davam edəcəyini bildirib.
Nazir Gülər bildirib ki, Milli Müdafiə Nazirliyi olaraq, ilk
gündən olduğu kimi FETÖ terror təşkilatına qarşı mübarizə qanun
çərçivəsində və səngimədən aparılır.
“Kimliyindən asılı olmayaraq bir nəfər də FETÖ-çü qalmayana qədər
bu mübarizə davam edəcək”, – deyə nazir vurğulayıb.
O qeyd edib ki, 15 iyul 2016-cı il gecəsi yaşanan çevriliş cəhdi, Türkiyə tarixində qaranlıq bir səhifə olsa da, xalqın müqaviməti ilə şanlı bir dastana çevrilib. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi, xalqın və təhlükəsizlik qüvvələrinin birliyi sayəsində dövlətin və milli iradənin qorunduğunu qeyd edən Gülər, bu qələbənin “xalqın öz taleyinə sahib çıxmasının simvolu” olduğunu deyib.
Nazir Gülər çıxışında həmçinin bildirib ki, Türk Silahlı Qüvvələri tarix boyu olduğu kimi bu gün də ölkənin təhlükəsizliyini quruda, dənizdə və havada qorumağa davam edir. Ordunun içindən təmizlənmiş xəyanətkar ünsürlərə qarşı mübarizə nəticəsində bugünkü ordu daha güclü, daha nizamlı və effektiv fəaliyyət göstərir.
Qeyd edək ki, nazir çıxışı zamanı İsrailin İrana hücumları, Ukrayna-Rusiya müharibəsi kimi nümunələrlə daxili zəifliklərin xarici təhlükəsizliyə yaratdığı təhdidlərə də diqqət çəkib. “Bu səbəbdən dövlət strukturlarında ən kiçik zəifliyə belə dözülməyəcək”, – deyə o bildirib.