BAKI, AzerVoice
NATO-nun beynəlxalq “Agile Spirit 2025” hərbi təlimləri bu il iyulun 25-dən avqustun 6-dək Gürcüstanda keçiriləcək.
AzerVoice xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Təlimlərin əsas komponentləri komanda-qərargah məşqləri və Senaki–Vaziani avtomobil yolu boyunca Gürcüstan və ABŞ qüvvələrinin birgə taktiki hərbi konvoy fəaliyyəti olacaq. Ssenarilərə döyüş atışlı manevrlər də daxildir.
Təlimlərdə Gürcüstanla yanaşı, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Ukrayna və digər ölkələrin hərbçiləri iştirak edəcək.
Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze hələ iyun ayında NATO-nun genişlənməyə daha az meylli olduğunu bildirmişdi. O, həmçinin qeyd etmişdi ki, Gürcüstan NATO-nun iyun sammitinə dəvət edilməyib və alyansla münasibətlər “passiv rejimə” keçib.
Həmin sammit 18 iyunda Haaqada baş tutmuş və əsas müzakirə mövzusu NATO ölkələrinin müdafiə xərclərinin artırılması olmuşdu.