Əsas səhifə » İstanbulda cinayətkar dəstəsinə qarşı əməliyyatda 89 nəfər saxlanılıb

İstanbulda cinayətkar dəstəsinə qarşı əməliyyatda 89 nəfər saxlanılıb

BAKI, AzerVoice

İstanbulda mütəşəkkil cinayətkar dəstəyə qarşı keçirilən əməliyyatda 89 nəfər saxlanılıb, 214 silah ələ keçirilib.

AzerVoice xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İstanbulda aparılan genişmiqyaslı əməliyyat nəticəsində qırmızı bülletenlə axtarılan İ.A.-nın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstəyə qarşı ciddi zərbə vurulduğunu açıqlayıb.

Əməliyyat zamanı 89 şübhəli saxlanılıb, 214 sənədsiz tapança, uzunlüləli tüfənglər, oğurlanmış motosikletlər və narkotik vasitələr ələ keçirilib. Axtarışlar 250 fərqli ünvanda, o cümlədən 3 silah sexində həyata keçirilib.

Nazir qeyd edib ki, dəstə üzvləri motosiklet və oğurlanmış avtomobillərdən istifadə etməklə qəsdən adam öldürmə, yaralama, quldurluq, sənəd saxtakarlığı və narkotik dövriyyəsi kimi ağır cinayətlərdə ittiham olunur. Dəstənin sosial şəbəkələrdə təbliğat üçün istifadə etdiyi 40 hesab da bloklanıb.

“Heç bir cinayətkar cəzasız qalmayacaq,” – deyə Yerlikaya bildirib və əməliyyatda iştirak edən İstanbul valiliyini, Bakırköy Respublika Prokurorluğunu və polis qüvvələrini təbrik edib.

Qeyd edək ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə Türkiyədə daxili təhlükəsizliyin əsas prioritetlərindən biri hesab olunur və bu istiqamətdə əməliyyatlar davam etdirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice