Əsas səhifə » İsrail ordusu Suriyanın cənubuna hava zərbələri endirib

İsrail ordusu Suriyanın cənubuna hava zərbələri endirib

BAKI, AzerVoice

İsrail Müdafiə Ordusu (SAXAL) Suriyanın cənubunda bir neçə tankı hədəfə alaraq hava zərbəsi endirib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti qısa açıqlama yayıb.

Məlumatda bildirilib ki, zərbələr, tankların Əs-Suveydə şəhəri istiqamətində hərəkət etdiyi müşahidə edildikdən sonra endirilib. Həmin ərazidə hal-hazırda ərəb tayfaları ilə druz icmasının özünümüdafiə qüvvələri arasında toqquşmalar baş verir.

"İsrail Müdafiə Ordusu bu tankların həmin bölgəyə çatmasının qarşısını almaq üçün zərbələr endirib" – deyə, ordu açıqlamasında qeyd edib.

İsrail hərbçilərinin versiyasına görə, bu texnikanın və qüvvələrin Suriyanın cənubunda yerləşməsi İsrail üçün potensial təhlükə yarada bilər.

"İsrail Müdafiə Ordusu Suriyada hərbi təhlükənin yaranmasına imkan verməyəcək və bunun qarşısını almaq üçün tədbirlər görəcək. Biz bölgədəki vəziyyəti diqqətlə izləməyə davam edirik", – deyə bildirilib.

Xatırladaq ki, ötən ilin sonunda Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra İsrail rəsmiləri dəfələrlə Suriyadakı dürzi icmasına dəstək verəcəklərini və lazım gəldikdə onların özünümüdafiəsini təmin etmək üçün yardım göstərəcəklərini bəyan ediblər.

Məlumat üçün bildirək ki, Dürzilər – ərəb dilində danışan, etno-konfessional icmadır. Onların əsas yaşayış məskənləri Suriya, Livan, İsrail və İordaniyada yerləşir. Suriyada təxminən 700 min dürzi yaşayır və onlar kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıq hesab olunurlar. Mayın 1-də dürzilərin yaşadığı Cəramanə və Sahnaya ətrafında atəşkəs razılaşması əldə olunmuşdu. Həmin toqquşmalarda 20 təhlükəsizlik qüvvəsi əməkdaşı həlak olmuşdu.

Digər Kateqoriyalar

2025 © Azervoice