BAKI, AzerVoice
Türkiyənin hüquq-mühafizə orqanları İstanbul Birjasının (BIST) səhmlər bazarında bazar fırıldağı (manipulyasiya) ilə bağlı yeni istintaq əməliyyatına başlayıblar.
AzerVoice xəbər verir ki, səhm alqı-satqısında manipulyasiya etdiyi müəyyən edilən 8 nəfər barəsində həbs qərarı çıxarılıb.
İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İdarəsi tərəfindən aparılan araşdırma zamanı "Atlantis Yatırım Holding A.Ş" şirkətinin səhmlərində süni qiymət artımı yaradaraq bazarda manipulyasiya həyata keçirən şəxslər müəyyən edilib.
Prokurorluğun məlumatında bildirilir ki, bəzi maliyyə alətlərində əməliyyat həcmi və səhmlərin qiymətində qeyri-adi dalğalanmalar müşahidə olunub. Bu hal isə xüsusilə kiçik investorların ciddi maliyyə zərərlərinə uğramasına səbəb olub.
Araşdırmalar nəticəsində “cinayətkar qrup yaratmaq” və “bazar fırıldağı törətmək” maddələri üzrə 8 nəfər barəsində həbs qərarı verilib. Onların tutulması məqsədilə İstanbul, Kocaeli, Antalya və Zonquldak şəhərlərində eyni vaxtda əməliyyatlar həyata keçirilib. Şübhəlilərin evlərində və iş yerlərində axtarışlar aparılıb.
İstintaq prosesi hazırda davam edir. Rəsmi qurumlar isə bildirirlər ki, İstanbul Birjasında bazarın təhlükəsizliyini təmin etmək və investorların hüquqlarını qorumaq məqsədilə nəzarət mexanizmləri daha da gücləndiriləcək.