Əsas səhifə » Türkiyədə FETÖ-nün Gizli Strukturlarına Qarşı Əməliyyat Keçirilib

Türkiyədə FETÖ-nün Gizli Strukturlarına Qarşı Əməliyyat Keçirilib

BAKI, AzerVoice

Türkiyədə FETÖ terror təşkilatının gizli şəbəkəsinə qarşı keçirilən istintaq çərçivəsində 25 nəfər barəsində həbs qərarı verilib.

AzerVoice xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğu açıqlama verib.

Açıqlamaya görə, Terror Cinayətlərinin Araşdırılması Bürosu tərəfindən aparılan istintaq zamanı FETÖ-nün gizli strukturlarında yer alan, təşkilatın gizli ünsiyyət vasitəsi olan "ByLock" proqramından istifadə etdikləri müəyyən edilən, sabit telefon xətləri üzərindən ardıcıl şəkildə əlaqə saxladıqları və barələrində təşkilat üzvü olduqlarını təsdiqləyən şahid ifadələri olan şəxslərə qarşı araşdırma başladılıb.

Bu çərçivədə, Türkiyə Xarici İşlər Nazirliyi sistemində çalışarkən təşkilatla əlaqəsinə görə peşədən xaric edilmiş 19 nəfər, hal-hazırda qurumda çalışan 4 nəfər və digər dövlət qurumlarında işləyən 2 nəfər olmaqla ümumilikdə 25 nəfər barəsində həbs qərarı çıxarılıb.

Şübhəlilərin saxlanılması istiqamətində Ankara mərkəz olmaqla 8 şəhərdə Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice