BAKI,
AzerVoice
Bolu otelində 78 nəfərin öldüyü yanğınla bağlı məhkəmə davam
edir.
AzerVoice xəbər verir ki, Türkiyənin
Bolu şəhərində yerləşən Kartalkaya xizək kurortundakı Grand Kartal
otelində baş verən faciəvi yanğınla bağlı 32 nəfər barəsində
cinayət işi üzrə məhkəmə prosesi ikinci günündə davam edir.
Onlardan 19-u həbsdədir, təqsirləndirilənlər arasında otel
sahibləri, bələdiyyə rəsmiləri, texniki və xidmət heyəti də
var.
Məhkəmə Bolu İctimai Elmlər Liseyinin idman zalında xüsusi təhlükəsizlik şəraitində keçirilir. İclasda zərərçəkmişlərin ailələri, vəkillər, siyasi partiya nümayəndələri, o cümlədən AK Partiya millət vəkilləri Zeynep Yıldız, Yusuf Ziya Aldatmaz və partiya rəhbərliyi iştirak edir.
Yanvarın 21-də baş verən yanğında 78 nəfər həyatını itirib, 133 nəfər yaralanıb. Bolu Respublika Prokurorluğunun hazırladığı 98 səhifəlik iddianamədə otel rəhbərliyinə və əlaqəli şəxslərə qarşı “ehtimalla qəsdən adam öldürmə” və “ehtimalla qəsdən yaralama” maddələri üzrə 1998 ilə qədər həbs cəzası tələb olunur.
Qeyd edək ki, hadisənin səbəbləri arasında təhlükəsizlik qaydalarının pozulması, LPG sistemində texniki nasazlıqlar və vaxtında müdaxilə edilməməsi göstərilir. Hazırda məhkəmə SEGBİS sistemi vasitəsilə qeydiyyata alınır və şübhəlilərin müdafiə çıxışları davam edir.