BAKI,
AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri
Yaşar Gülər 9 iyulda Pakistana rəsmi səfər edəcəklər.
AzerVoice xəbər verir ki, səfər
çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və müdafiə
sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi əsas mövzu
olacaq.
Türkiyə nümayəndə heyətinin Pakistan Baş naziri Şahbaz Şərif, Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar, eləcə də Quru Qoşunları komandanı general Asim Munirlə görüşlər keçirməsi planlaşdırılır. Fidanın bu səfərdə məqsədi, iki ölkə arasında onsuz da güclü olan münasibətlərin bütün sahələrdə daha da inkişaf etdirilməsi niyyətini təsdiqləməkdir.
Nazir Fidan həmçinin təhlükəsizlik, terrorizmə qarşı birgə mübarizə, enerji və kritik minerallar, müdafiə sənayesi və regional sabitlik mövzularında əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparacaq. O, fevral ayında İslamabadda keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının nəticələrini nəzərdən keçirəcək və 2026-cı ildə Türkiyədə baş tutacaq növbəti toplantıya hazırlıq prosesini dəyərləndirəcək.
Qeyd edək ki, Türkiyə və Pakistan arasında münasibətlər 2009-cu ildən Yüksək Səviyyəli Əməkdaşlıq Şurası formatında inkişaf edir. İndiyədək 7 iclas keçirilmiş, 100-dən çox sənəd imzalanmışdır. 2026-cı ildə keçiriləcək səkkizinci toplantı üçün hazırlıqlar davam edir.
Ticarət əlaqələri də genişlənməkdədir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb. Hədəf isə bu rəqəmi 5 milyard dollara çatdırmaqdır. Türkiyə şirkətləri Pakistanda 3,5 milyard dollar dəyərində 72 layihə icra edib.
Səfər zamanı Fidanın həmçinin Pakistan-Hindistan münasibətlərindəki gərginliyə toxunaraq Türkiyənin bölgədə sabitlik və sülhə töhfə verməyə hazır olduğunu bəyan etməsi gözlənilir.