Əsas səhifə » Türkiyənin texnologiya nəhəngi HAVELSAN beynəlxalq sertifikat alıb

Türkiyənin texnologiya nəhəngi HAVELSAN beynəlxalq sertifikat alıb

BAKI, AzerVoice

HAVELSAN innovasiyada yeni mərhələ -“TS EN ISO 56001” sertifikatı alan ilk proqram təminatı şirkəti olub.

AzerVoice xəbər verir ki, Türkiyənin qabaqcıl texnologiya şirkətlərindən HAVELSAN, innovasiya idarəçiliyində beynəlxalq standartlara uyğunluğunu təsdiqləyərək “TS EN ISO 56001 Innovasiya İdarəetmə Sistemi” sertifikatı ilə təltif edilib.

Bu sənədi alan ilk proqram təminatı şirkəti olaraq HAVELSAN sektorda mühüm bir yeniliyə imza atıb.

Türk Standartları İnstitutu (TSE) tərəfindən təqdim edilən bu sertifikat, qeyri-müəyyənliklərin idarə olunması, rəqabət qabiliyyətinin artırılması, xərclərin azaldılması və davamlı inkişafın təmin olunması baxımından təşkilatlara strateji üstünlüklər təqdim edir. Həmçinin əməkdaşlıq imkanlarının genişləndirilməsi və istedadların cəlb olunmasında da əhəmiyyətli rol oynayır.

Sertifikatın təqdimatı HAVELSAN şəhərciyində təşkil olunan rəsmi mərasimdə TSE prezidenti Mahmud Sami Şahin və HAVELSAN baş direktoru Mehmet Akif Nacarın iştirakı ilə baş tutub. Çıxışında Şahin bildirib: “HAVELSAN-ın bu sertifikatı alması müdafiə sənayemiz adına qürurvericidir. Arzu edirik ki, bu uğur davamlı nailiyyətlərə yol açsın.”

HAVELSAN baş direktoru Nacar isə qeyd edib ki, “İnnovasiya proseslərini sistemli şəkildə idarə edən az sayda təşkilatlardan biri olaraq, bu sertifikatı əldə etməyimiz bizim üçün həm strateji, həm də rəqabət baxımından dəyərlidir. Bu uğur şirkətimizin innovasiyaya verdiyi önəmin təzahürüdür.”

Qeyd edək ki, TS EN ISO 56001 sertifikatı təşkilatların innovasiya baxışına, strategiyasına və məqsədlərinə uyğun dəstəkləyici proseslərin qurulmasında yol xəritəsi rolunu oynayır və innovasiya qabiliyyətinin davamlı inkişafı üçün mühüm alət hesab olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice