Əsas səhifə » Hörmüz boğazının bağlanması Türkiyəyə də təsir edə bilər - Uraloğlu

Hörmüz boğazının bağlanması Türkiyəyə də təsir edə bilər - Uraloğlu

BAKI, AzerVoice

Hörmüz boğazının bağlanması qlobal enerji bazarını və Türkiyəni təsirləndirə bilər, lakin Türkiyənin alternativ enerji yolları mövcuddur.

AzerVoice xəbər verir ki, bu sözlər Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun "CNN Türk" telekanalına verdiyi açıqlamada yer alıb.

Onun sözlərinə görə, dünya neftinin təxminən 30 faizi Hörmüz boğazından keçir və belə bir hal Türkiyəyə də təsir göstərə bilərdi. Lakin Türkiyənin İraq, Azərbaycan və Rusiya kimi alternativ enerji marşrutları və daxili yanacaq anbarları mövcuddur. Ona görə də qısa müddətdə ciddi təsir gözlənilmir.

Uraloğlu əlavə edib ki, Hörmüz boğazı bağlansa, bölgədən neft və qaz axını dayanar və bu məhsullar Basra körfəzində qalardı. Bunun qarşısını almaq üçün Türkiyənin təşəbbüsü ilə həyata keçirilməsi planlaşdırılan “İnkişaf Yolu Dəhlizi” layihəsinin əhəmiyyəti böyükdür. Layihəyə əsasən, İraqın Fav limanından Türkiyənin Ovaköy bölgəsinə qədər 1 200 km-lik dəmir yolu, avtomobil yolu və enerji xətləri inşa ediləcək. Nazir bildirib ki, əgər bu layihə bu gün hazır olsaydı, qlobal bazar belə dalğalanmazdı.

Son olaraq Uraloğlu qeyd edib ki, bu dəhlizlə Asiyadan Avropaya nəqliyyat müddətləri əhəmiyyətli dərəcədə azaldılacaq. Hal-hazırda Süveyş kanalı üzərindən yüklər Londona 35 gündə çatdırılırsa, bu koridorla 25 günə enməsi planlaşdırılır. Orta dəhliz üzərindən isə Çin-London marşrutu hal-hazırda 18 gün çəkir, lakin infrastruktur təkmilləşmələri ilə bu müddət 15 günə qədər enə bilər. Bu da Türkiyə üçün strateji və iqtisadi baxımdan böyük üstünlük təmin edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice