Əsas səhifə » Diyarbəkir Türkiyənin enerji təhlükəsizliyində strateji mövqedədir - Bayraktar

Diyarbəkir Türkiyənin enerji təhlükəsizliyində strateji mövqedədir - Bayraktar

BAKI, AzerVoice

Diyarbəkir Türkiyənin enerji təhlükəsizliyində strateji rol oynayır.

AzerVoice xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Diyarbəkirin ölkənin enerji təchizatı təhlükəsizliyini gücləndirən əsas bölgələrdən birinə çevrildiyini bildirib.

Nazirin sosial media hesabında paylaşdığı məlumata görə, bu il Türkiyədə aşkar olunan 41 milyon barel neft ehtiyatının 58 faizi məhz Diyarbəkirdəki yataqlarda yerləşir. Hazırda bölgədə fəaliyyət göstərən 307 hasilat quyusu vasitəsilə gündəlik təxminən 16.400 barel neft çıxarılır.

İndiyə qədər Diyarbəkirdə ümumilikdə 330 milyon barelə yaxın neft hasil olunaraq ölkənin enerji sisteminə daxil edilib. Nazirlik ilin sonuna qədər gündəlik hasilat həcmini 20 min barelə çatdırmağı planlaşdırır.

Qeyd olunub ki, bölgədə yeni texnologiyaların tətbiqi ilə yanaşı, süxurlarda sıxışmış karbohidrogenlərin daha səmərəli çıxarılması üçün 4 fərqli sahədə araşdırmalar aparılır. Bu prosesin bir hissəsi olaraq, beynəlxalq əməkdaşlıq çərçivəsində təkmil seysmik tədqiqatlar davam etdirilir və ilin sonuna qədər ilk qazma işlərinin aparılması nəzərdə tutulur.

Nazir Bayraktar açıqlamasında qeyd edib:
"Min illərdir sivilizasiyaların beşiyi olan Diyarbəkir bu gün Türkiyənin enerji strategiyasının önəmli dayağına çevrilib. Bir zamanlar qaranlıqda qalmağa məhkum edilən bu torpaqlarda indi istehsal günəşi doğur."

Qeyd edək ki, Diyarbəkirin artan hasilat gücü və yeni neft ehtiyatları Türkiyənin enerji müstəqilliyi yolunda atdığı mühüm addımlardan biri hesab olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice