BAKI, AzerVoice
Türkiyə bölgədə hava məkanı məhdudiyyətlərinin əksəriyyətinin aradan qaldırıldığını açıqlayıb.
AzerVoice xəbər verir ki, Türkiyənin
nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu İran–İsrail
qarşıdurması səbəbilə bölgədə tətbiq olunan hava məkanı
məhdudiyyətləri ilə bağlı son durumu açıqlayıb.
Nazir bildirib ki, İran xaricində bölgədəki bütün hava məkanlarında
məhdudiyyətlər ləğv olunub.
“26 iyun tarixindən etibarən İraq, Suriya, İordaniya, Livan (Beyrut), Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt və BƏƏ hava məkanlarını türk təyyarələri üçün yenidən açıb. Ancaq İranın bəzi ərazilərində – xüsusilə Tehranda və Şirazda – məhdudiyyətlər hələ də qüvvədədir”, – deyə Uraloğlu vurğulayıb.
Nazir qeyd edib ki, hazırda bölgədə qalan təyyarələrin təxliyə prosesi davam edir: “Dünən İraqdakı 4 təyyarəmiz heç bir problem olmadan geri döndü. Məşhəd bölgəsi istisna olmaqla, İranda uçuş məhdudiyyətləri hələ də qüvvədədir. Şiraz və Tehrandakı 7 təyyarəmiz bu səbəbdən hələ də qayıda bilməyib. Məhdudiyyətlərin 2 iyul tarixinə qədər davam edəcəyi gözlənilir, amma daha erkən dönüş üçün alternativ imkanlar üzərində işləyirik”.
Nazir həmçinin bildirib ki, uçuşların planlaşdırılmasında sərnişinlərin və ekipajın təhlükəsizliyi birinci dərəcəli prioritetdir.
Qeyd edək ki, İran və İsrail arasında artan gərginlik bölgədə hava nəqliyyatına da ciddi təsir göstərib. Türkiyə bu vəziyyətdə mülki aviasiya təhlükəsizliyini təmin etmək üçün ardıcıl koordinasiya işləri aparır.