BAKI, AzerVoice
Türkiyədə FETÖ-yə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
AzerVoice xəbər verir ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya son iki həftədə ölkənin 46 vilayətində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı ümumilikdə 361 şübhəlinin saxlanıldığını açıqlayıb.
Nazirin sosial media vasitəsilə verdiyi məlumata görə, saxlanılan şəxslər təşkilatın hərbi, maliyyə, təhsil və sivil strukturlarında aktiv fəaliyyət göstərməkdə, ByLock şifrəli rabitə proqramından istifadə etməkdə, sosial şəbəkələrdə təbliğat aparmaqda, eləcə də müxtəlif imtahan saxtakarlıqlarında iştirak etməkdə ittiham olunurlar.
Əməliyyatlar Təhlükəsizlik Baş İdarəsinin Anti-terror (TEM), Kəşfiyyat və KOM (Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə) şöbələri tərəfindən Respublika Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib. Əməliyyatlar Adana, Ankara, İstanbul, İzmir, Antalya, Bursa, Diyarbəkir, Gaziantep, Konya və Şanlıurfa da daxil olmaqla ölkənin əksər böyük şəhərlərini əhatə edib.
Qeyd edək ki, nazir Əli Yerlikaya bu əməliyyatlarda iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşlarını və baş prokurorları təbrik edərək, dövlətin təhlükəsizliyini təhdid edən ünsürlərə qarşı mübarizənin davam edəcəyini vurğulayıb.