Əsas səhifə » Türkiyə və İngiltərə iqtisadi əlaqələri dərinləşdirir

Türkiyə və İngiltərə iqtisadi əlaqələri dərinləşdirir

BAKI, AzerVoice

Türkiyə və Böyük Britaniya arasında Azad Ticarət Sazişinin yenilənməsi üzrə danışıqlar başlayır.

AzerVoice xəbər verir ki, Türkiyənin Londondakı səfiri Osman Koray Ertaş Türkiyə və Böyük Britaniya arasında mövcud Azad Ticarət Sazişinin (FTA) yenilənməsi ilə bağlı texniki danışıqların başlama mərhələsində olduğunu açıqlayıb.

Bu barədə məlumat Avropa Türk Brendləri Dərnəyi (ATMB) və Böyük Britaniya Asiya İş Şurasının birgə təşkilatçılığı ilə Vestminster Sarayının Çörçill zalında keçirilən “Liderlik Dərnəyi” ziyafətində səsləndirilib. Tədbirdə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı, yeni investisiya imkanları və iqtisadi əməkdaşlıq yolları müzakirə olunub.

Səfir Ertaş bildirib ki, proses bir ildən artıqdır ki, hazırlıq mərhələsindədir və Böyük Britaniyanın Türkiyə üzrə ticarət nümayəndəsi Əfzal Xanın və parlament üzvlərinin dəstəyi mühüm rol oynayır.

Türkiyə və Böyük Britaniyanın NATO çərçivəsində strateji tərəfdaş olduğunu vurğulayan səfir qeyd edib ki, bu əməkdaşlıq təkcə iqtisadi deyil, Avropa qitəsinin təhlükəsizliyinə və sabitliyinə də töhfə verəcək.

Qeyd edək ki, ATMB prezidenti Vehbi Keleş yenilənəcək FTA-nın iki ölkə arasındakı ticarət həcmini orta müddətdə 50 milyard funt sterlinqə çatdıra biləcəyini bildirib. Tədbirdə çıxış edən digər rəsmilər, o cümlədən Britaniya Parlament Qrupunun rəhbəri Tahir Əli və Lordlar Palatasının üzvü Baronessa Uddin də türk icmasının iqtisadi roluna diqqət çəkib və əməkdaşlığın daha da dərinləşdirilməsi çağırışında bulunublar.

Qeyd edək ki, Türkiyə ilə Böyük Britaniya arasında ticarət əlaqələri post-Brexit dövründə xüsusilə mühüm əhəmiyyət kəsb edir və yenilənmiş FTA bu istiqamətdə yeni mərhələnin başlanğıcı ola bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice