Əsas səhifə » Nüvə enerjisi Türkiyənin gələcəyidir - Bayraktar

Nüvə enerjisi Türkiyənin gələcəyidir - Bayraktar

BAKI, AzerVoice

Nüvə enerjisi artıq xəyal deyil, Türkiyənin iqtisadi ehtiyacıdır.

AzerVoice xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar nüvə enerjisinin təkcə təmiz enerji mənbəyi deyil, həm də ölkənin artan iqtisadi ehtiyacları baxımından strateji zərurət olduğunu bildirib.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində çıxış edən Bayraktar “Nüvə enerjisi artıq Türkiyə üçün bir xəyal deyil, iqtisadi bir ehtiyacdır. Tələb artdıqca biz təmiz və dayanıqlı baza yükü enerji mənbələrinə ehtiyac duyuruq və nüvə enerjisi bu ehtiyacı qarşılayır” - deyə bildirib.

Nazir qeyd edib ki, Türkiyədə illik enerji tələbi minimum 4 faiz artır və rəqəmsallaşma, süni intellekt kimi amillərlə bu artım daha da sürətlənəcək. O, təbii qazın siyasiləşməsi və qiymət dalğalanmaları səbəbilə etibarlı mənbə sayıla bilməyəcəyini, günəş və külək kimi bərpa olunan enerji mənbələrinin isə fasiləli təbiəti səbəbilə “ara qaynaq” olduğunu vurğulayıb.

Nazir Bayraktar Akkuyu Atom Elektrik Stansiyasının tikintisinin davam etdiyini və bu layihənin ətrafında artıq 300-dən çox şirkətin fəaliyyət göstərdiyini bildirib. Hal-hazırda layihə sahəsində 30 mindən çox insan çalışır. O, əlavə olaraq 8 reaktorun daha tikilməsinin və 5 giqavatlıq kiçik modul reaktorların qurulmasının planlaşdırıldığını açıqlayıb.

Bayraktar həmçinin layihənin insan kapitalı baxımından da böyük dəyər yaratdığını bildirib. “Rusiyada yüzlərlə tələbəmiz nüvə mühəndisliyi üzrə təhsil alır. Bu bilik və təcrübə gələcəkdə digər beynəlxalq layihələrə transfer edilə bilər.” - deyə o qeyd edib.

Qeyd edək ki, Akkuyu Nüvə Elektrik Stansiyası Rusiya ilə birgə inşa olunur və tam istismara verildikdən sonra Türkiyənin enerji ehtiyacının təqribən 10 faizini qarşılaması planlaşdırılır.

Digər Kateqoriyalar

2025 © Azervoice