BAKI, AzerVoice
İsrailin bölgəyə hücumları bitməli, danışıqlar və diplomatiya yenidən başlamalıdır.
AzerVoice xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Belçikada keçirilən NATO Parlament sədrləri toplantısında çıxış edib.
İsrailin İrana hücumlarını qınayan Kurtulmuş, danışıqlar diplomatiyasının yenidən başlamalı və NATO-nun daha da gücləndirilməsi lazım olduğunu bildirib.
"Livan və Fələstindən sonra İsrail indi İrana hücum edir. Müttəfiqlərin Qəzzadakı soyqırım kampaniyasına zəif reaksiyası NATO-nun regiondakı tərəfdaşları qarşısında etibarını zədələyir. Ukraynada bizə rəhbərlik edən dəyərlər və prinsiplər Fələstinə də şamil edilməlidir. İsrailin bölgədəki təcavüzü dayandırılmalı, danışıqlar və diplomatiyaya yenidən başlamaq lazımdır". - deyə Kurtulmuş qeyd edib.
Xatırladaq ki, 13 iyun tarixində İsrail İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə və ordunun yüksək rütbəli komandanlığına qarşı genişmiqyaslı hücumlar həyata keçirib.
Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, SEPAH-ın baş komandanı və bir neçə yüksək vəzifəli zabit, həmçinin doqquz nüvə alimi həyatını itirib.
İran Səhiyyə Nazirliyinin 15 iyun tarixli məlumatına əsasən, İsrailin hava zərbələri nəticəsində 224 mülki şəxs həlak olub, 1277-dən çox insan isə yaralanıb.
İranın cavab zərbəsi zamanı İsrail ərazisinə balistik raketlərlə hücum təşkil edilib. İran mediasının məlumatına görə, bu hücum nəticəsində İsraildə 25 nəfər ölüb, 500-dən çox insan yaralanıb.