BAKI, AzerVoice
Bieləşmiş Millətlər Təşkilatı, İranla İsrail arasında baş verən münaqişə fonunda İrandan mümkün qaçqın axınına qarşı tədbirlər hazırlayır.
AzerVoice xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Almaniyanın DPA agentliyinə müsahibəsində bildirib.
“Biz böhran planları hazırlayırıq. Onları hələ dərc etməmişik, çünki kifayət qədər məlumatımız yoxdur və hadisələrin necə inkişaf edəcəyini gözləyirik. Amma hər halda planlar üzərində işləyirik” – deyə, o qeyd edib.
Qeyd edək ki, hələlik heç bir ölkə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından rəsmi yardım istəməyib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.