BAKI,
AzerVoice
Türkiyədə Fəlakət Sonrası Bərpa Planı qüvvəyə minib.
AzerVoicexəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə qüvvəyə minən Türkiyənin Fəlakətdən Sonra Bərpa Planı (TASİP) ölkənin fəlakətlərə qarşı daha sistemli və effektiv cavab verməsini nəzərdə tutur.
Prezident fərmanı ilə Rəsmi Qəzetdə yayımlanan qərara əsasən, TASİP planı təbii fəlakətlərdən sonra struktur, sosial və iqtisadi sahələrdə həyatın normallaşmasını sürətləndirməyə yönəlib. Afət və Fövqəladə Hallar İdarəsinin (AFAD) yaydığı açıqlamada qeyd olunub ki, təbii fəlakətlər yalnız maddi itkilərə deyil, eyni zamanda tarixi, mədəni və ekoloji dəyərlərə də ciddi ziyan vurur.
Plan çərçivəsində fəlakət sonrası bərpa işləri zədələnmiş və itirilmiş aktivlərin yenidən qurulması, daha dayanıqlı tikililərin salınması, həmçinin sosial və iqtisadi stabilliyin bərpasını hədəfləyir. TASİP eyni zamanda dövlət qurumları arasında koordinasiyanı artırmaq, bərpa resurslarının səmərəli istifadəsini təmin etmək və monitorinq mexanizmlərini gücləndirmək məqsədi daşıyır.
Plan çeviklik, şəffaflıq, əməkdaşlıq və səmərəlilik prinsipləri üzərində qurulub və gələcək fəlakətlərdə idarəetmə bacarıqlarının artırılmasını da özündə ehtiva edir.
Qeyd edək ki, TASİP həm də Türkiyənin bərpa və davamlı inkişaf strategiyasının əsas sütunlarından biri kimi qiymətləndirilir və gələcəkdə analoji fəlakətlərin təsirini azaltmaq üçün kritik əhəmiyyət daşıyır.