BAKI, AzerVoice
Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Kilisdən Halepə uzanan təbii qaz boru xətti bağlantısının tamamlandığını açıqlayıb.
AzerVoice xəbər verir ki, Bayraktar bu açıqlamanı Şam şəhərində verdiyi müsahibədə edib. O, dekabr 2024-cü ildə BAAS rejiminin devrilməsindən sonra Suriya ilə enerji sahəsində əməkdaşlığın gücləndirilməsi üçün intensiv səylər göstərildiyini vurğulayıb.
"Suriya ilə enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün çoxsaylı texniki heyət göndərdik. İnfrastruktur ehtiyaclarını düzgün təyin etdik və bu istiqamətdə qısa, orta və uzunmüddətli layihələr üzərində işlədik" – deyə Bayraktar bildirib.
Nazir qeyd edib ki, elektrik istehsalı üçün Suriyaya qaz ixracını nəzərdə tutan layihə həyata keçirilir. Bu qaz Suriya daxilindəki elektrik stansiyalarında istifadə olunacaq və əhalinin enerji tələbatını ödəmək üçün işlədiləcək.
Bayraktarın sözlərinə görə, artıq 5-6 ay ərzində konkret nəticələr əldə olunmağa başlanıb və bu layihələrin məqsədi Suriyada həyatın normallaşmasına töhfə verməkdir.
"Elektrik enerjisi və digər xidmətlərin bu bölgədəki insanlara çatdırılması vacibdir. Bu baxımdan, elektrik infrastrukturunun gücləndirilməsi prioritet olaraq qalır" – deyə o bildirib.
Türkiyə hazırda Şimali Suriyaya edilən elektrik ixracını genişləndirməyi planlaşdırır. Nazir bildirib ki, mövcud ixrac gücü gələcək aylarda 3 dəfə artırılaraq 1000 meqavata çatdırılacaq.
Nazir əlavə edib ki, bununla birlikdə bölgədə gün ərzində 2-3 saatlıq elektrik təminatı 8-12 saata qədər yüksələcək və əhaliyə daha davamlı enerji xidməti göstəriləcək.