BAKI, AzerVoice
2024-cü ildə dünya yanğınlar səbəbindən İtaliya qədər meşə ərazisini itirib.
AzerVoice xəbər verir ki, qlobal
istiləşmənin təsiri ilə meşə yanğınları 2024-cü ildə dünya üzrə
rekord səviyyədə meşə itkisinə səbəb olub. A
ABŞ-ın Merilend Universitetinin və Global Forest Watch-un birgə
hesabatına görə, ötən il dünya miqyasında İtaliya ölçüsündə meşə
sahəsi yoxa çıxıb.
Braziliyadan Sibirə qədər geniş coğrafiyada kənd təsərrüfatı, mədənçilik və qanunsuz ağac kəsmə ilə yanaşı, getdikcə artan yanğınlar əsas dağıdıcı amilə çevrilib. Professor Mett Hansen təqdim olunan məlumatları "qorxulu", Global Forest Watch-un həmdirektoru Elizabeth Goldman isə “son 20 ilin ən pis mənzərəsi” adlandırıb.
Ən yüksək karbon tutumuna və biomüxtəlifliyə sahib olan tropik meşələrdə ilk dəfə olaraq yanğınlar əsas məhvetmə səbəbinə çevrilib. Bu bölgələrdə yanğınlar təbii dövrün bir hissəsi olmadığı üçün nəticələr daha ağır olur. Tropiklərdə baş verən itkilərin 42%-i yalnız Braziliyanın payına düşüb. Ölkədə 25 min kvadrat kilometrdən çox Amazon yağış meşəsi yanğınlar və quraqlıq səbəbilə məhv olub.
Boliviya isə ikinci yerdə qərarlaşıb. Soya, şəkər qamışı və mal-qara təsərrüfatının genişlənməsi nəticəsində meşə itkisi 2020-ci illə müqayisədə beş dəfə artıb. Keçən il ölkədə 14 min kvadrat kilometrə yaxın meşə sahəsi məhv edilib. Konqo Demokratik Respublikası və Konqo Respublikasında da tarixdə ən yüksək meşə itkisi qeydə alınıb.
Qeyd edək ki, 2021-ci ildə keçirilən COP26 İqlim Sammitində 140-dan çox ölkə 2030-cu ilə qədər meşə qırılmasını tamamilə dayandırmağı öhdəsinə götürmüşdü. Lakin mövcud göstəricilər bu məqsədə çatmaq üçün 2024-cü ildən etibarən hər il meşə itkisinin ən azı 20% azalmasını tələb edir.
Professor Hansen bildirib ki, “dünyada temperaturun artması meşələri daha quru və yanğına meylli edir. İnsan fəaliyyəti ilə yaranan qığılcımlar artıq ən sıx yağış meşələrini belə nəzarətdən çıxara bilir.”
Elizabeth Goldman bu vəziyyəti “qlobal qırmızı xəbərdarlıq” kimi qiymətləndirərək ölkələri, şirkətləri və fərdləri dərhal tədbir görməyə çağırıb.
Mənfi mənzərəyə baxmayaraq, hesabatda bəzi müsbət hallar da qeyd olunub. İndoneziya və Malayziyada ilkin meşə itkisi əvvəlki illərlə müqayisədə aşağı səviyyədə qalıb. Malayziya ilk dəfə ən çox meşə itkisi olan 10 ölkə sırasından çıxıb.
“Əgər bu tendensiya davam edərsə, təbiət mənzərəsi kökündən dəyişə və bu, böyük miqdarda karbon emissiyası ilə iqlim böhranını daha da dərinləşdirə bilər.” - deyə Merilend Universitetindən professor Peter Potaov xəbərdarlıq edib.