BAKI, AzerVoice
Türkiyənin pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA, Avropa bazalı Aerodinamik Sistem Tanıma Testini uğurla tamamlayıb. Test zamanı lentə alınan nəfəskəsici görüntülər ictimaiyyətlə paylaşılıb.
Rekord müddətdə səmaya qalxdı
100% özəl sərmayə ilə Baykar tərəfindən həyata keçirilən Bayraktar KIZILELMA layihəsi 2021-ci ildə başlanıb. 14 noyabr 2022-ci ildə istehsal xəttindən çıxan və TC-ÖZB nömrəli ilk model, AKINCI Uçuş Təlim və Test Mərkəzinə gətirilib. Burada uğurla yer sınaqlarını başa vuran KIZILELMA, 14 dekabr 2022-ci ildə ilk uçuşunu həyata keçirib. Təyyarə bir il kimi qısa müddətdə uçuşa hazır vəziyyətə gətirilib.
Dünya aviasiyası tarixində ilk
TEKNOFEST 2023 çərçivəsində Bayraktar KIZILELMA bir sıra ilkə imza ataraq, dünya aviasiya tarixinə düşən uçuşlar reallaşdırıb. Bayraktar AKINCI ilə formasiya uçuşu həyata keçirən KIZILELMA, 1 may 2023-cü ildə isə F-16 SOLOTÜRK və F-5 Türk Ulduzları ilə birgə İstanbul səmasında kol uçuşu həyata keçirib. Bu uçuşlar gələcək hava döyüşlərinin taktiki formalaşmasına ciddi təsir göstərə bilər.
İxracda lider mövqe
Layihələrini yalnız öz maliyyə resursları ilə həyata keçirən Baykar, 2003-cü ildən başlayan AR-GE prosesindən bu günə qədər gəlirlərinin 83%-ni ixracdan əldə edib. 2023-cü ildə 1,8 milyard dollar ixracla Türkiyənin bütün sektorları üzrə ən çox ixrac həyata keçirən ilk 10 şirkət arasına daxil olub.
2024-cü ildə də bu uğuru davam etdirən Baykar, ümumi gəlirlərinin 90%-ni ixracdan əldə edərək yenidən 1,8 milyard dollarlıq ixrac göstəricisinə çatıb. “İxracın Çempionları” mükafatına layiq görülən Baykar, 2021, 2022 və 2023-cü illərdə Türkiyə Müdafiə Sənayesi İdarəsi və Türkiyə İxracatçılar Məclisinin məlumatlarına əsasən, müdafiə və aviasiya sahəsinin ixrac lideri olub.
2023-cü ildə sektoral ixracın üçdə birini, 2024-cü ildə isə dörddə birini təkbaşına reallaşdıran Baykar, Türkiyəni qlobal SİHA (Silahlı İnsansız Hava Aparatları) ixrac bazarında lider mövqeyə daşıyıb.
Hazırda dünyanın ən böyük pilotsuz hava aparatı istehsalçısı olan Baykar, Bayraktar TB2 SİHA üçün 34 ölkə, Bayraktar AKINCI TİHA üçün isə 11 ölkə ilə ixrac müqavilələri imzalayıb.