Əsas səhifə » T10X Türkiyənin ən çox satılan beşinci avtomobili olub

T10X Türkiyənin ən çox satılan beşinci avtomobili olub

BAKI, AzerVoice

Togg T10X elektrikli avtomobil satışlarında Türkiyədə liderliyini qoruyur.

AzerVoice xəbər verir ki, yerli avtomobil markası Togg 2025-ci ilin ilk dörd ayında T10X modeli ilə həm elektrikli avtomobil, həm də C-SUV seqmentlərində satış lideri olub.

Şirkətin yaydığı məlumata görə, T10X modeli aprel ayı daxil olmaqla ümumilikdə 10 min 325 ədəd satılıb.

Bu satışların 3 min 537-si yalnız aprel ayında gerçəkləşib və nəticədə T10X C-SUV seqmentində 10,1 faiz bazar payı ilə daxili yanma mühərrikli modelləri də geridə qoyaraq birinci yerdə qərarlaşıb. Eyni zamanda, T10X ilin ilk dörd ayında elektrikli avtomobil bazarında 24,4 faiz pay əldə etməklə bu seqmentdə də liderliyini təsdiqləyib.

Aprel ayı ərzində Türkiyədə ümumi avtomobil bazarı 85 min 411 ədəd təşkil etdiyi halda, T10X təkbaşına 4,1 faiz bazar payı qazanıb. Eyni dövrdə elektrikli avtomobil satışları 13 min 191 ədəd olub və bu bazarda T10X 26,8 faiz payla ilk sırada yer alıb.

Bütün növləri və seqmentlər üzrə T10X 3,3 faiz bazar payı ilə ən çox satılan 5-ci model olub. Togg isə ümumilikdə 11-ci ən çox satılan avtomobil markası mövqeyinə yüksəlib.

Qeyd edək ki, bu günə qədər 60 min 001 ədəd T10X istifadəçilərə təhvil verilib. Şirkət uğurlu satış performansını ilin ikinci yarısında da davam etdirməyi hədəfləyir.

Digər Kateqoriyalar

2025 © Azervoice