BAKI, AzerVoice, Səməd Əyyubov
Səudiyyə Ərəbistanı bütün imkanlarını Qətərə dəstək üçün səfərbər edir.
AzerVoice xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri şahzadə Məhəmməd bin Salman Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığında deyib.
O, Qətərin təhlükəsizliyini qorumaq, suverenliyini müdafiə etmək məqsədilə gördüyü tədbirləri tam şəkildə dəstəkləyir.
O, ölkəsinin Qətərin yanında olduğunu, İsrailin Dohaya qarşı törətdiyi hücumu pislədiyini, bu addımı cinayət və beynəlxalq qanunların, eləcə də beynəlxalq hüquq normalarının açıq şəkildə pozulması kimi qiymətləndirdiyini vurğulayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İsrailin hücumunu və Qətərin suverenliyinin açıq şəkildə pozulmasını qınayıb. Krallıq Dohanın yanında olduğunu, Qətərin təhlükəsizliyi üçün atdığı bütün addımlara dəstək verdiyini bir daha təsdiqləyib.