BAKI, AzerVoice
Qlobal Pilotsuz Uçuş Aparatı (PUA) bazarının lider şirkəti Baykar ilə dünyanın ən böyük müdafiə sənayesi şirkətlərindən biri olan Leonardo arasında mart ayında imzalanmış strateji əməkdaşlıq sazişi, bu gün Romada keçirilən Türkiyə–İtaliya 4-cü Hökumətlərarası Zirvəsi çərçivəsində keçirilən mərasimlə qarşılıqlı şəkildə təsdiqlənib.
AzerVoice xəbər verir ki, bu barədə Baykar Technology şirkətinin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, Villa Pamfili iqamətgahında təşkil olunan mərasim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Ciorcia Meloninin iştirakı ilə baş tutub.
Mərasimdə martın 6-da Romada imzalanmış və iki şirkətin yüksək texnologiya sahəsindəki imkanlarını birləşdirməyi hədəfləyən anlaşmaya dair sənədlər, Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar ilə Leonardo şirkətinin baş direktoru və baş icraçı direktoru Roberto Çingolani tərəfindən qarşılıqlı şəkildə təhvil verilib.



