BAKI, AzerVoice
ABŞ dövlət katibi Marko Rubio yaxın vaxtlarda Hindistan və Pakistanın xarici işlər nazirləri ilə telefon danışığı aparmağı planlaşdırır.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus brifinqdə məlumat verib.
Məlumata görə, bu telefon danışığının aparılmasının məqsədi iki ölkə arasında vəziyyətin daha da gərginləşməsinin qarşısını almaqdır.
Onun sözlərinə görə, ABŞ hər iki tərəflə əlaqə saxlayır və onları vəziyyətin daha da gərginləşməsinə yol verməməyə çağırır.
"Dövlət katibi Marko Rubio Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə bu gün və ya sabah danışmağı planlaşdırır. O, həmçinin digər ölkələrin liderlərini və xarici işlər nazirlərini də bu məsələ ilə bağlı Hindistan və Pakistanla əlaqə saxlamağa çağırır" - deyə, Bryus bildirib.
Qeyd edək ki, 22 aprel tarixində mübahisəli Cammu və Kəşmir bölgəsinin məşhur turizm şəhəri Pahalqamda törədilən terror aktı nəticəsində 25 hindistanlı və bir Nepal vətəndaşı ölüb. KİV-in məlumatına görə, Hindistan tərəfi hücumun "Ləşkər-e-Tayyibə" qruplaşması tərəfindən təşkil edildiyinə və bu hücumda Pakistanın İnteqrasiya Kəşfiyyat İdarəsinin (ISI) iştirakı olduğuna dair sübutlar tapdığını iddia edir. Bu səbəbdən Hindistan İslamabaddakı səfirliyinin heyətini iki dəfə azaldıb, su ehtiyatlarının paylaşılması ilə bağlı ikitərəfli sazişin icrasını dayandırıb, Pakistan vətəndaşlarına vizaların verilməsini dayandırıb və bu ölkənin səfirliyindəki hərbi məsləhətçiləri "arzulanmayan şəxs" elan edib.