BAKI, AzerVoice
Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu Türkiyədə dəmir yollarında ciddi investisiya, təkmilləşdirmə və yenilənmə kimi inkişaf təşəbbüslərini həyata keçirdiklərini ifadə edərək, son 23 ildə dəmiryollarına təxminən 63 milyard dollar sərmayə qoyulduğunu bildirib.
AzerVoice xəbər verir ki, Abdulkadir Uraloğlu bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə 2002-ci ildən etibarən dəmir yollarının inkişafı dövlət siyasəti səviyyəsində həyata keçirilir.
Nazirin sözlərinə görə, Türkiyənin Asiya və Avropa arasında strateji mövqeyi nəzərə alınaraq, dəmir yolları limanlar, hava limanları və logistika mərkəzləri ilə əlaqələndirilərək kombinə daşımacılığa uyğun şəkildə yenilənir.
Uraloğlu vurğulayıb ki, son 23 ildə dəmir yollarına təxminən 63 milyard dollar sərmayə yatırılıb. Bu müddətdə yüksək sürətli qatar şəbəkəsi qurulub və ölkədə ilk dəfə yüksək sürətli qatar xidməti istifadəyə verilib.
Nazir Konya–Karaman Yüksək Sürətli Qatar Xəttində bu günə qədər 4 milyon sərnişinin daşındığını bildirib. Hazırda isə 135 km uzunluğundakı Karaman–Ulukışla xəttinin inşası davam edir. Xətt tam istifadəyə verildikdə Karaman–Ulukışla arasındakı səfər müddəti 145 dəqiqədən 50 dəqiqəyə enəcək.
Layihənin 2027-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır. Bu xətt sayəsində Mersin, Adana, Osmaniye və Qaziantep kimi sənaye və logistika mərkəzlərinə sürətli qatarla birbaşa çıxış təmin ediləcək.