BAKI, AzerVoice
Ukrayna və Rusiya arasında sülh sazişi yaxın vaxtlarda imzalanmalıdır, əks halda Vaşinqton danışıqlarda iştirak etməyəcək.
AzerVoice-un məlumatına görə, bu haqda ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Bu (sülh sazişinin imzalanması red. AzerVoice) sürətlə baş verməlidir. Əgər nəticə olmayacaqsa, biz daha bu məsələyə vaxt sərf edə bilmərik. Bu həftə çox vacib olacaq, çünki biz bu müddət ərzində bu təşəbbüsdə iştirakımızı davam etdirib-etdirməmək barədə qərar verməliyik və ya diqqətimizi başqa məsələlərə yönəltməliyik" — deyə, ABŞ Dövlət Departamentinin rəhbəri bildirib.
Rubio bundan əvvəl də dəfələrlə bəyan etmişdi ki, ABŞ Ukraynada sülhün əldə olunmadığı təqdirdə bu istiqamətdəki səylərini dayandıracaq. Lakin o, ilk dəfədir ki, bu məsələ üzrə qərarın bir həftə ərzində verilə biləcəyini qeyd edib.
Mənbələrə görə, ABŞ Ukrayna və Rusiyaya sülh planı təklif edib. Plana əsasən, cəbhə xətti dondurulmalıdır, Kiyev NATO-ya üzv olma perspektivindən imtina etməlidir, Vaşinqton isə Krımın Rusiyaya birləşdirilməsini və Moskvanın işğal olunmuş Ukrayna ərazilərinə nəzarətini hüquqi cəhətdən tanımalıdır. Əvəzində Ukrayna müəyyən təhlükəsizlik təminatları əldə etməlidir (sənəddə bu təminatların konkret nə olduğu göstərilmir).
Ukrayna və bir sıra Avropa ölkələri buna cavab olaraq, Kiyevə daha güclü zəmanətlər verən və ölkənin bərpasının dondurulmuş Rusiya aktivləri hesabına həyata keçirilməsini nəzərdə tutan alternativ plan təqdim ediblər.
Rusiyanın bu təkliflərə münasibəti barədə isə hələ məlumat verilməyib.
Xatırladaq ki, dünən ABŞ Prezidenti ilə görüşdükdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Romada Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə təkbətək görüşlər keçirib.