BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyənin ticarət naziri Ömər Bolat 2026-cı ilin fevralında Türkmənistana səfər edəcək.
AzerVoice xəbər verir ki, nazirin səfərinin əsas məqsədi fevralın 10–12-də Aşqabadda keçiriləcək türk ixrac məhsullarının 12-ci sərgisində iştirak etməkdir.
Tədbirin açılış mərasiminə Ömər Bolatın rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin qatılması gözlənilir.
Sərgi Türkiyədən təxminən 100 şirkət və assosiasiyanı bir araya gətirəcək və türk məhsullarının Türkmənistan bazarında tanıdılması, yeni işgüzar əlaqələrin qurulması və iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyacaq.
Bununla yanaşı, Türkmənistan şirkətləri yüksək keyfiyyətli türk məhsulları ilə tanış olmaq, eləcə də Türkiyə firmaları ilə mümkün əməkdaşlıq perspektivlərini qiymətləndirmək imkanı əldə edəcəklər.
Məlumata görə, Ömər Bolatın səfəri çərçivəsində ikitərəfli iqtisadi münasibətlərin inkişafına həsr olunmuş bir sıra rəsmi və işgüzar görüşlərin keçirilməsi də nəzərdə tutulur.