BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə
ABŞ administrasiyasının Venesuelada yeni siyasi düzən formalaşdırmaq və ölkənin nəhəng neft ehtiyatlarını nəzarətə götürmək planları gözlənilməz maneə ilə üzləşib.
Vaşinqton Venesuelanın müvəqqəti prezidenti Rodriqezdən İran, Çin və Rusiya ilə münasibətləri dərhal kəsməyi, həmin ölkələrin diplomatlarını və hərbi məsləhətçilərini ölkədən çıxarmağı tələb etsə də, Karakas bu çağırışlara hələlik müsbət cavab verməyib. Yanvarın əvvəlində keçirilən andiçmə mərasimində Rusiya və Çin nümayəndələrinin iştirak etməsi Rodriqezin mövqeyinin dəyişmədiyini göstərib.
Xatırladaq ki, Rodriqez ABŞ-ın 3 yanvar tarixində sabiq prezident Nikolas Maduronu həbs etməsindən sonra Venesuela prezident postuna gətirilib. Lakin ABŞ kəşfiyyat strukturları Rodriqezin Vaşinqtonun strateji xətti ilə tam uzlaşmadığına dair ciddi şübhələr irəli sürür.
Bu çərçivədə 15 yanvarda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff Karakasa səfər edərək Rodriqezlə ölkənin siyasi və iqtisadi gələcəyini müzakirə edib. Vaşinqtonun əsas məqsədi Qərb yarımkürəsində Rusiya və Çin təsirini minimuma endirmək, eyni zamanda Tramp administrasiyasının xüsusi maraq göstərdiyi Venesuela neft ehtiyatlarına çıxışı təmin etməkdir.
ABŞ rəsmilərinin hesablamalarına görə, əgər Rodriqez Moskva, Pekin və Tehranla əlaqələri kəssə, bu, ABŞ investisiyalarının Venesuela energetika sektoruna yolunu aça bilər. Lakin Karakasın bu ölkələrlə strateji əməkdaşlıqdan imtina etməməsi Vaşinqtonun ölkəni uzaqdan idarə etmək planlarını sarsıda bilər.
Trampın “maksimum təzyiq” strategiyası davam edir
Tramp administrasiyasının yüksək rütbəli nümayəndələri bildiriblər ki, prezident Venesuela rəhbərliyinə qarşı “maksimum təzyiq” siyasətini davam etdirir və tam əməkdaşlıq gözləyir. MKİ ilkin mərhələdə Rodriqez və Maduronun keçmiş tərəfdarlarını keçid dövrü üçün ən uyğun variant kimi görsə də, bu yanaşma administrasiya daxilində birmənalı qarşılanmır.
Rodriqez Vaşinqtonu qismən məmnun etmək üçün bəzi addımlar atıb: siyasi məhbusların azad edilməsi və ABŞ-a 30–50 milyon barel neft satışına icazə verilməsi bu addımlar sırasındadır. Bununla belə, o, son çıxışlarında “ABŞ-ın Venesuelanın daxili işlərinə müdaxiləsindən bezdiyini” açıq şəkildə ifadə edib.
Mənbələr bildirir ki, Tramp administrasiyası hazırda Rodriqezə alternativ görmür. Lakin ehtiyat plan kimi ABŞ rəsmilərinin Venesuela ordusu və təhlükəsizlik strukturlarının yüksək rütbəli nümayəndələri ilə təmasları artırdığı da qeyd olunur. Bu isə Vaşinqtonun strategiyasının istənilən an dəyişə biləcəyindən xəbər verir.