BAKI,AzerVoice
Qurbanlıq heyvanın yaşadığı yerdən başqa bir bölgədə kəsilməsi və
ya ətinin göndərilməsi, yaxud pul ödənilərək vəkil vasitəsilə uzaq
bölgədə kəsdirilməsi məsələsi tez-tez soruşulan dini suallardandır.
Bu məsələ ilə bağlı İslam alimlərinin mövqeyi müxtəlif olsa da,
ümumi nəticə belədir:
Əgər qurbanlıq heyvan ehtiyac olmayan bir bölgədə kəsilirsə və daha çox ehtiyacı olan bölgələr mövcuddursa, qurbanı həmin ehtiyaclı bölgəyə göndərmək, orada kəsdirmək dini baxımdan icazəlidir, hətta müstəhəb və daha fəzilətli sayılır. Lakin bunun da bəzi şərtləri və məzhəblər üzrə izahları mövcuddur.
Məzhəblərin bu barədə baxışı:
Hənəfi məzhəbi:
Qurbanı başqa bölgəyə göndərmək məkruhdur. Amma əgər həmin bölgədə
yaşayan insanlar daha çox möhtacdırsa, bu halda göndərmək caizdir.
Belə olan halda, qurban ibadəti yerinə yetirilmiş sayılır.
Maliki məzhəbi:
Qurbanlıq heyvanın namazı qısaltma məsafəsindən uzağa (89 km-dən
çox) göndərilməsi caiz deyil. Ancaq digər bölgədəki ehtiyac daha
böyükdürsə, oraya göndərmək vacib sayılır.
Şafei məzhəbi:
Qurbanı yaşadığı yerdən başqa bölgəyə göndərmək, zəkatda olduğu
kimi, caiz deyil. Ən fəzilətli olan, qurbanın yaşadığın yerdə
kəsilib paylanmasıdır.
Hənbəli məzhəbi:
Qurbanın 89 km-dən az məsafəyə göndərilməsi caizdir. Amma daha uzaq
məsafəyə göndərilməsi zəkatda olduğu kimi haram sayılır, istisnalar
xaricində.
Müasir dövrün alimlərinin yanaşması
Bu gün bir çox müasir alimlər – istər Hənəfi, istər Şafei, istərsə də digər məzhəbləri təmsil edən müctəhidlər – ehtiyac içində olan bölgələrə qurban göndərməyin dini baxımdan məqbul və savab olduğunu bildirirlər. Bu məqsədlə aşağıdakı yollar istifadə olunur:
- Qurbanlıq heyvanların diri şəkildə ehtiyaclı bölgələrə daşınması
- Qurbanın yerində kəsilib, soyuducu vasitələrlə uzaq bölgələrə göndərilməsi
- Xeyriyyə təşkilatlarına pul ödənilərək onların vəkalətilə kəsilməsinin təşkili
- Tanış və etibarlı şəxslərə vəkalət verərək onların vasitəsilə kəsdirilməsi
Bütün bu vasitələrlə qurban ibadəti yerinə yetirilmiş olur.
Bu gün bir çox müsəlman ölkələrində — Türkiyə, Malayziya, Qətər, Səudiyyə Ərəbistanı, eləcə də Avropa ölkələrində yaşayan müsəlmanlar — qurbanlarının bir qismini öz ölkəsində, bir qismini isə Afrikada, Asiyada və ya müharibə bölgələrində kəsdirirlər. Yardımlaşma və həmrəylik hissi bu ibadətin ruhuna tam uyğundur.
Azərbaycan da bir çoxları öz
ölkəsində qurban kəsməklə yanaşı, öz qurbanlarını ehtiyacı olan
ölkələrdə kəsirlər.
Allah həm öz ölkəsində, həm də ehtiyaclı bölgələrdə qurban
kəsənlərin ibadətlərini qəbul etsin!